11 nömrəli onbirillik musiqi məktəbinin uğurları davam edir-Foto

Son illərdə Azərbaycanda bir çox sahələrə, o cümlədən mədəniyyətin inkişafına göstərilən diqqət və qayğı öz bəhrəsini verməkdədir. Musiqimizin inkişafı istiqamətində görülən tədbirlər davamlı xarakter alıb. Mədəniyyətin inkişafına göstərilən qayğı dövlət siyasətinin prioritetlərindəndir.

Azərbaycan mədəniyyətinin dünyada tanıdılması ilə bağlı layihələr icra olunur və bu prosesdə heç şübhəsiz, əsas rolu Heydər Əliyev Fondu icra edir.

Görülən işlər təkcə bu günə yox, həm də gələcəyə hesablanıb. Belə ki, respublikamızda çox sayda musiqi məktəbləri fəaliyyət göstərir və burada yetişən nəsil həm də gələcəkdə zəngin Azərbaycan musiqini dünyaya tanıdan, təbliğ edən, özündən sonrakılara ötürən bir nəsil olacaq.

Belə musiqi məktəblərindən biri də A. Məlikov adına 11 nömrəli onbirillik musiqi məktəbidir.

Musiqi məktəbində şagirdlərin musiqi biliklərinə yiyələnmələri üçün hər cür şərait var. Burada məktəbin direktoru Rövşən Məmmədovun rəhbərliyi ilə müəllimlər üçün də yüksək iş şəraiti yaradılıb. Bəlkə də kimlərsə düşünə bilər ki, bu sətirlərin müəllifində bu fikirlər eşitdiklərinə əsasən formalaşıb. Qətiyyən! Hazırda mənim 2 övladım – Xədicə İsmayılzadə və Fatimə İsmayılzadə A. Məlikov adına 11 nömrəli onbirillik musiqi məktəbində fortepiano ixtisası üzrə V və III siniflərdə (müəllimə Arzu Məmmədova) təhsil alırlar.

Tam əminliklə demək olar ki, bu musiqi məktəbi uşaq və yeniyetmələrdə  musiqi zövqünün formalaşmasında xüsusi rol oynayır. Onlara milli musiqimiz, xalq və bəstəkar mahnıları, dünya musiqisi öyrədilir, təbliğ olunur…

Mədəniyyət naziri Anar Kərimovun, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyevin musiqi məktəblərinin fəaliyyətlərinə göstərdikləri həssaslıq A. Məlikov adına 11 nömrəli onbirillik musiqi məktəbinə münasibətdə də özünü göstərir. Görülən işlərin, çəkilən zəhmətlərin nəticəsi olaraq bu musiqi məktəbinin şagirdləri həm ölkəmizdə, həm də dünyanın müxtəlif ölkələrində keçirilən festivallarda, tədbirlərdə, beynəlxalq tədbirlərdə uğurlar qazanırlar.

11 nömrəli onbirillik musiqi məktəbində  istedadlı uşaqların yaradıcılıq potensialının inkişaf etdirilməsi, milli musiqi sənətimizin öyrədilməsi istiqamətində ardıcıl tədbirlər şagirdlərdə də yüksək əhvali-ruhiyyənin, bu sahəyə marağın artmasında böyük rol oynayır.

Bir sözlə, bu musiqi məktəbində təhsilin düzgün təşkili Azərbaycan mədəniyyətinin inkişafına böyük töhfədir.

Məktəbin keçirdiyi tədbirlərdən söz düşmüşkən, elə bu günlərdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi A. Məlikov adına 11 nömrəli onbirillik musiqi məktəbinin yaranmasının 65 illiyinə və 28 May Müstəqillik gününə həsr olunmuş konsert keçirilib. Konsert Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutub.

Konsertdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, uşaq musiqi, incəsənət məktəblərinin direktorları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Aparıcı konserti açıq elan edərək, musiqi məktəbinin yaradılmasının 65 illiyi münasibətilə təbriklərini çatdırıb, müəllim və şagird kollektivinə yeni yaradıcılıq uğurları diləyib. Həmçinin bütün qonaqları qarşıdan gələn Müstəqillik günü münasibətilə təbrik edib.

Daha sonra konsertdə musiqi məktəbinin xalq çalğı alətləri orkestrinin rəhbəri və dirijoru Samir Şahbəddinovun müşayiəti ilə şagirdlərin ifasında F. Əmirov, T. Quliyev, Q. Qarayev, F. List, F. Şopen, V. Monti kimi Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən ibarət musiqi nömrələri məharətlə səsləndirilib.

Sonda söz və musiqisi Rövşən Məmmədova aid olan “Heydər Dühalı” əsəri təqdim olunub və o, konsertdə iştirak edən hər kəsə öz təşəkkürünü bildirib.

Sonda A. Məlikov adına 11 nömrəli onbirillik musiqi məktəbinin yorulmaq bilmədən çalışan bütün kollektivinə, o cümlədən direktor Rövşən Məmmədova, məktəbin tədris  işləri  üzrə direktor  müavini Sona  Abdullayevaya, şagirdlərinə hər zaman yüksək həssaslıq və diqqət göstərən müəllimə Arzu Məmmədovaya bu çətin və məsuliyyətli işlərində uğurlar diləyir, yeni-yeni nailiyyətlər arzulayırıq.

1932