Zərdabda “Abad məhəllə”nin açılışı münasibətilə tədbir keçirilmişdir-FOTO

 

Saat24.Az xəbər verir ki, Zərdab şəhərinin 51-ci məhəlləsində, Fərrux Eminov və Etibar Həsənov küçələrinin kəsişməsində ümumi sahəsi 0,25 hektar olan ərazidə tikilmiş “Abad məhəllə”nin açılışı münasibətilə tədbir keçirilmişdir. Əvvəlcə rayon rəhbərliyi, Milli Məclisin deputatı, hüquq-mühafizə orqanlarının rəhbərləri tərəfindən abad məhəllədə yerləşən şəhid Vüsal Həşimovun xatirəsinə tikilmiş su bulağının önünə gül dəstələri qoyulmuşdur.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalzadə qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin regionların sosial-iqtisadi inkişafı ilə bağlı verdiyi tapşırıqlar Zərdab rayonunda uğurla icra olunur. Təkcə cari ilin ötən dövrü ərzində Mehdi Hüseyn küçəsində səkilər yenidən qurulmuş, yerüstü kanalizasiya xətti təmir edilmişdir. Zərdab şəhərini Gəlmə kəndi ilə birləşdirən, Qarasu çayı üzərində yerləşən, uzunluğu 90 metr olan piyada körpüsü təmir edilmişdir. Dəli Quşçu kəndində Aşağı Şirvan Kollektorunun üzərində yeni körpü tikilib istifadəyə verilmişdir. 2022-ci ildə 13 şəhid ailəsi və Qarabağ müharibəsi əlili üçün mənzil tikilməsi nəzərdə tutulmuş, onlardan ikisinin tikintisinə başlanılmışdır. Kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində rayonda uğurlu nəticələr qazanılmışdır. Barama tədarükü sahəsində respublikada ən yüksək nəticəyə nail olaraq 54 ton proqnoz tapşırığa qarşı 58 ton barama tədarük edilmiş, taxıl istehsalı sahəsində uğurlu nəticələr əldə olunmuş, 2780 hektar pambıq sahələrində bol məhsul yetişdirilmiş və bu ayın sonunadək yığıma başlanılacaqdır. Digər kənd təsərrüfatı məhsulları istehsalı sahəsində də proqnoz tapşırıqlara əməl edilmişdir.
İcra başçısı abad məhəllənin açılışı münasibətilə məhəllə sakinlərini təbrik edərək burada görülən işlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, açılışına toplaşılan sayca ikinci abad məhəllənin tikintisinə 2022-ci ilin may ayında başlanılmış və qısa müddət ərzində tikinti-quraşdırma işləri keyfiyyətlə başa çatdırılmışdır. Baxımsız və yararsız vəziyyətdə olan 2500 kv.metr ərazidə qanunsuz tikililər və qurğular ləğv edilmişdir. 300 kubmetr qum-çınqıl örtüyü verilmiş, 1300 kv.metr sahəyə tamet tavalar, 320 metr beton bardyürlər düzülmüş, diametri 8 metr olan aqlay daşı ilə üzlənmiş dairəvi formalı oturacaq inşa edilmişdir. Abad məhəllədə 2 ədəd müasir üslubda söhbətgah, uşaq-əyləncə qurğusu, 8 ədəd oturacaq, 8 ədəd tullantı qabı quraşdırılaraq sakinlərin istifadəsinə verilmişdir. 300 kv.metr sahəyə asfalt örtüyü vurulmuş, avtomobillərin dayanması üçün meydança qurulmuşdur. Məhəllədə 2 ədəd yeraltı çirkab quyusu inşa edilmiş və kanalizasiya xətti yenidən qurulmuşdur. Əraziyə 200 kubmetr münbit torpaq daşınmış, 80 ədəd həmişəyaşıl ağaclar əkilmiş, 120 kv.metr yaşıllıq salınmış, 80 metr dekorativ metal çərçivə quraşdırılmışdır.
Tədbirdə çıxış edən millət vəkili Jalə Əliyeva tədbir iştirakçılarını və məhəllə sakinlərini açılış münasibətilə təbrik etmişdir.
Çıxış edən məhəllə sakinləri görülən işlərə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Sonda məhəllə ilə tanışlıq olmuşdur.
Coşqun Abdullayev

2062