ZƏNGƏZUR DƏHLİZİNİN REALLAŞMASI   TARİXİ ZƏRURƏTDİR-Jalə Əliyeva


Ölkə prezidenti cənab İlham Əliyev 10 yanvar 2023-cü il tarixində yerli televiziya kanallarına verdiyi müsahibə ilə dünyada və ölkə daxilində gedən proseslərə, 2022-ci ilin nəticələrinə və cari il üçün qarşıya qoyulmuş hədəflərə, məqsədlərə aydınlıq gətirdi. Müsahibənin ana xəttini Azərbaycan Respublikasının bütün sahələrdə -  xüsusilə iqtisadi, sosial istiqamətlərdə yürütdüyü müstəqil siyasətin şərhi təşkil etmiş, bu çərçivədə Azərbaycan Respublikasının gücü və iradəsi bir daha diqqətə çatdırılmışdır. 
Prezidentin söylədiyi kimi, İkinci Qarabağ müharibəsindən iki il keçəndən sonra tam əminliklə demək olar ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib. Azərbaycanın dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınmasının təməlində sözsüz ki, həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır. Yəni, düz mütənasib olaraq hərbi gücümüz artdıqca siyasi gücümüz, o cümlədən iqtisadi müstəqilliyimiz də artır. 
Sosial sferada aparılan islahatlardan danışan Prezident haqlı olaraq qeyd etmişdir ki, dünya postpandemiya dövrünə hələ təzə-təzə uyğunlaşdığı halda, ölkəmizdə dünya miqyasında yaranmış böhranlı vəziyyət sosial layihələr və proqramlarla yüngülləşdirilməkdədir. Prezident eyni zamanda  bildirmişdir ki, müharibədən təzə çıxmış, ərazisinin 20 faizi tamamilə dağılmış vəziyyətdə olan ölkənin sosial sahəyə vəsait ayırması, Azərbaycanın iqtisadi gücünü göstərir. Qarabağda aparılan yenidənqurma işlərinə diqqət çəkən Prezident vurğulamışdır ki, bu məqsədlə heç bir ölkədən yardım alınmamışdır, ölkənin öz daxili gücü hesabına yenidənqurma işlərinin aparılması prosesi davam etdirilir və sadəcə Özbəkistanın və Qazaxıstanın prezidentləri Füzulidə iki məktəbin tikintisinə özləri təşəbbüs göstərmişlər. Laçında, Şuşada, Ağdamda, Füzulidə, Zəngilanda çoxmərtəbəli evlərin tikintisinə də başlanıldığını, bir neçə kəndin təməlinin qoyulduğunu, Cəbrayılda Günəş Elektrik Stansiyasının, Ağdam və Cəbrayıl Sənaye Parklarının yaradıldığını, iki min kilometrdən çox avtomobil yolu salınacağını, körpülər tikiləcəyini, 50 kilometr uzunluğunda tunellər çəkiləcəyini, böyük suvarma layihələrinin qurulacağını deyən Prezident İlham Əliyevin də vurğuladığı kimi,  2023-cü il artıq Böyük Qayıdışın ilk addımlarından biri olacaqdır və biz buna əminik. Prezident öz müsahibəsi ilə bir daha təsdiq etdi ki, qayıdış təkcə Qarabağla məhdudlaşmır, Qərbi azərbaycanlılar da öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. 
Həmçinin Prezident Ermənistan tərəfinin törətdiyi insidentlər barəsində də bir neçə məqama toxunmuşdur. "Son bir il ərzində - mart ayından bəri biz 3 dəfə göstərdik ki, heç kim bizim qabağımızda dura bilməz və istədiyimizə nail oluruq və hər hansı bir erməni havadarı onların yardımına yetişə bilməz. Azərbaycan-Ermənistan sərhədi istiqamətində, eyni zamanda, Qarabağ istiqamətində nəzarətdə olan yüksəkliklər bizə çox böyük strateji üstünlük təmin edir." sözləri ilə tam əminliklə bildirildi ki, Ermənistan üçün sülh müqaviləsi qaçınılmazdır, Ermənistan öz havadarları ilə hansısa təxribat planlaşdırarsa, dərhal həmin təhlükə aradan götürüləcək. Bu məsələnin ardınca Prezidentin Azərbaycan Ordusunun gücündən, Azərbaycan əsgərlərinin qəhrəmanlığından, cəsurluğundan bəhs etməsi isə yuxarıda qeyd edilən fikirlərin əsaslı olduğu, hər an əməli addımlarla dəstəklənə biləcəyi mesajını ehtiva etməkdə idi. 
10 noyabr 2020-ci il tarixli  üçtərəfli Bəyanatda Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısının yaradılmasının qeyd edildiyini bildirən Prezident İlham Əliyev, bu müddəanı Zəngəzur dəhlizinin yaradılmasının bir növ hüquqi bazası hesab etmiş, Zəngəzur dəhlizinin reallaşmasını tarixi zərurət kimi qiymətləndirmişdir. 

Jalə Əliyeva
Milli Məclisin Ailə,qadın,uşaq məsələləri
komitəsinin sədr müavini

 

1395