Yəhudi icması Azərbaycanda əsrlər boyu yaşayıb

Yəhudi icması Azərbaycanda əsrlər boyu yaşayıb.

Cənab Prezident İlham Əliyev cari ilin 30 may tarixində İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda bir sıra vacib məsələlərə toxunaraq qeyd etdi ki, “Yəhudi icması Azərbaycanda əsrlər boyu yaşayıb. Bu, bizim ölkənin böyük dəyəridir, yəhudi icmasının üzvləri – Azərbaycan vətəndaşları ölkəmizin müasir inkişafına çoxlu töhfə vermiş və töhfə verən insanlardır. Uzun illərdir ki, Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam edir və bu da enerji sahəsində sıx əməkdaşlığı nümayiş etdirir. İnterkonnektorların yaradılması və üçüncü ölkələrdə potensial əməkdaşlıq layihələri üçün böyük imkanlar mövcuddur. Azərbaycanda yaşayan yəhudi qardaşlarımız ölkəmizin ərazi bütövlüyü uğrunda azərbaycanlılar ilə birgə çiyin-çiyinə vuruşublar. Onlar bizim müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda bizimlə və bütün digər azlıqların nümayəndələri ilə birgə vuruşublar”.

Müasir dövrümüzdə Azərbaycanda dağ yəhudiləri əsasən şimal bölgəsində üstünlük təşkil edir. Bir çox mütəxəssislər bunu hələ qədimdə mövcud olmuş Xəzər xaqanlığı ilə bağlayırlar. Belə ki, Xəzər xaqanlığı Obadiyah 790-cı ildə iudaizmi rəsmi dövlət dini etmişdir. Xəzər xaqanlığının o zamankı sərhədləri Azərbaycanın şimalına kimi uzanırdı. Bütün bunlar dağ yəhudilərinin oradan köçüb gəlməsi üçün əsas ola biləcəyini deməyə vadar edir. Dağ yəhudiləri iudaizm dininə mənsub, fars dilinin ləhcələrindən birində danışan və hazırda yəhudi-tatlar adlanan tayfalar olublar. İndi alimlər yəhudilərin Qafqazda yaşayan əcdadlarının mənşəyini, onların bu ərazilərə nə vaxt və necə gəlib çıxmalarını, uzun illər hansı dəyişikliklərə məruz qaldıqlarını araşdırırlar.

Dini icma rəhbərlərinin məlumatlarına görə, hazırda Azərbaycanda 20 mindən artıq yəhudi yaşayır. Onların 14 min nəfərə yaxını dağ yəhudiləridir. Ölkəmizdəki dağ yəhudilərinin tarixindən danışarkən mütləq Quba rayonundakı Qırmızı Qəsəbəni qeyd etmək lazımdır. Çünki bu qəsəbə postsovet məkanda dağ yəhudilərinin kompakt halda yaşadığı yer hesab olunur. Qudyalçayın sol sahilində yerləşən Qırmızı Qəsəbə XVIII əsrdə Quba xanlığı dövründə salınmışdır. Əvvəllər “Yəhudi Qəsəbəsi” adlanan sözügedən yaşayış məntəqəsi hətta bir vaxtlar “Qafqazın Yerusəlimi” kimi də məşhurlaşmışdı.

Eşqin Məmmədov – Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbinin müəllimi

 

 Etibarlı əməkdaşlıq əlaqələri.

Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun geniş tərkibdə görüşü keçirilib. Bu munasibətlə cənab Prezident İlham Əliyev mətbuata bəyanat verib. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Azərbaycanla İsrail arasındakı münasibətlər yüksələn xətlə inkişaf etməkdədir. Bir sıra məsələlərə toxunan ölkə başçısı bildirdi ki, iqtisadi, siyasi, sosial, hərbi sahədə Azərbaycanla İsrail arasında möhkəm əlaqələr mövcuddur və prezident qeyd etdi ki, nəinki mövsümi turizm üçün, ümumiyyətlə, ilin, fəslin hər bir zamanında İsraildən turistlərin Azərbaycana gəlməsi çox yaxşı bir hal olar və bu iki ölkə arasında mədəni mübadilənin səviyyəsini daha da artıracaq məqamlardan biri olacaq. İqtisadi sahədə də münasibətlərə toxunan Azərbaycanın dövlət başçısı bildirdi ki, iki ölkə arasında 1,7 milyard dollar ticarət dövriyyəsi var və gələcəkdə bu dövriyyənin də artırılması üçün imkanlar var.

İlahə Mustafayeva – Zərdab rayonu Şıxbağı kənd tam orta məktəbinin müəllimi

 

 

Ticarət dövriyyəmiz 1,7 milyard ABŞ dollarından çoxdur.

Azərbaycanın xarici siyasətində dünya ölkələri ilə qarşılıqlı etimada əsaslanan bərabərhüquqlu münasibətlərin qurulması prioritetdir. Bu siyasət nəticəsində ölkəmizin xarici əlaqələri, dostluq münasibətləri daim güclənir. Azərbaycana yaxın dost və tərəfdaş ölkələrdən biri də İsrail dövlətidir. Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələrinin qədim tarixi var. Bu xalqlar həmişə bir-birinin dilinə, dininə, mədəniyyətinə dərin hörmətlə, ehtiramla yanaşıblar.

Ölkələrimiz arasında siyasi münasibətlər yüksək səviyyədədir. Belə ki, İsrail Dövləti 1992- ci il aprelin 7-də Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb. Bu illər ərzində Azərbaycan və İsrail dövlətinin siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə sıx əlaqələri yaranıb.

Ölkəmizdə millətlərarası münasibətlərin inkişafının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu müdrik siyasi xətt Möhtərəm Prezident Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının uğurlu siyasəti nəticəsində Azərbaycan multikulturalizm və tolerantlıq mərkəzi kimi dünyada tanınır. Mayın 30- da İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Həmin gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə təkbətək və geniş tərkibdə görüşləri olub, iki dövlət arasında bir sıra sənədlər imzalanıb.

Bu gün Azərbaycan Respublikası və İsrail Dövləti arasında çox fəal siyasi dialoq və etibarlı əməkdaşlıq əlaqələri vardır. Ölkələrimiz arasında ticarət dövriyyəsi 1,7 milyard ABŞ dollarından çoxdur. Növbəti illərdə ticarət dövriyyəsinin şaxələndirməsi qarşıda duran məqsədlərdəndir. Azərbaycan Respublikası və İsrail Dövləti arasında dostluq və əməkdaşlıq strateji əhəmiyyət kəsb edir. 44 günlük Vətən müharibəsində İsrail Dövləti Azərbaycan Respublikasının ədalətli mövqeyini dəstəklədi. Ölkələrimiz arasında hərbi sahədə də yaxşı əlaqələr var. İnanırıq ki, iki dövlətin dostluq və əməkdaşlığı bundan sonra daha da dərinləşəcək və güclənəcək.

Kəmalə Məmişova – Zərdab rayonu Bıçaqçı kənd tam orta məktəbinin direktoru

 

 

Prezident İlham Əliyevin cari ilin 30 may tarixində İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanata dair.

Azərbaycanın xarici siyasətində dünya ölkələri ilə qarşılıqlı etimada əsaslanan bərabəhüquqlu münasibətlərin qurulması prioritetdir. Bu siyasət nəticəsində ölkəmizin xarici əlaqələri, dostluq münasibətləri daim güclənir. Azərbaycana yaxın dost və tərəfdaş ölkələrindən biri də İsrail dövlətidir.  Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələrinin qədim tarixi var. Bu xalqlar həmişə bir-birinin dilinə, dininə, mədəniyyətinə dərin hörmətlə, ehtiramla yanaşıblar.

Azərbaycanda hər zaman hər bir dinin daşıyıcısına və millətin nümayəndəsinə bərabər münasibət göstərilib və göstərilməkdədir. Ölkəmizdə millətlərarası münasibətlərin inkişafının əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu müdrik siyasi xətt möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Azərbaycan və İsrail arasında qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələri yalnız iqtisadi-strateji faydaya deyil, həm də ənənəvi tarixi, mədəni köklərə əsaslanır. Azərbaycan dünya yəhudi elitasının diqqət mərkəzinə 1810-cu ildən düşməyə başlayıb. Həmin dövrdə aşkenazilər ilk dəfə olaraq Bakıda məskunlaşmağa başlayıblar. 1870-ci ildə Bakıda neft çıxarılmağa başlandıqdan sonra Azərbaycana yəhudi biznes nümayəndələrinin axını başlayıb. Q.Polyak, A.Dembo, X.Kaqan, baron Q.Qinzburq, A.Feyqel ölkəmizdə geniş fəaliyyət göstəriblər.

Hazırda Bakı şəhərində yəhudilərin 3 sinaqoqu mövcuddur. Bir sinaqoq isə Azərbaycanın Quba rayonunda, dağ yəhudilərinin iri icmasının məskunlaşdığı Qırmızı Qəsəbədədir. Bu, keçmiş Sovet İttifaqı ərazisində yəhudilərin kompakt yaşamaqda olduğu yeganə yerdir.

Təsadüfi deyildir ki, Qarabağ müharibəsində şəhid olan ilk qəhrəmanlar sırasında yəhudi əsilli Milli Qəhrəmanımız Albert Aqarunovun adı xüsusi çəkilir. O, ermənilərin xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Jurnalistin “Yəhudiləri Azərbaycan torpağını qorumağa nə vadar edir?” sualına o belə cavab vermişdir: “Mən bu torpağın övladıyam, burada doğulmuşam, burada yaşayıram, daha heç nə məcbur eləmir”. Bu cavab, əslində, Azərbaycanda yaşayan yəhudilərin torpağımıza, millətimizə bağlılığının bariz sübutudur.

Şakir Muradov – Zərdab rayonu Şəftəhal  kənd  tam  orta  məktəbinin müəllimi

1534