Tarixin Heydər Əliyev Zirvəsi" adlı tədbirdə millət vəkili Jalə Əliyeva iştirak və çıxış edib -Foto

 

Bakı Dövlət Universitetinin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Yeni Azərbaycan Partiyası Yasamal rayon şöbəsinin və BDU-nun təşkilatçılığı ilə keçirilən "Tarixin Heydər Əliyev Zirvəsi" adlı tədbirdə millət vəkili, Milli Məclisin Ailə,qadın, uşaq məsələləri komitəsinin sədr müavini, Bakı Dövlət Universitetinin professoru  Jalə Əliyeva iştirak və çıxış edib.

"1992-ci il oktyabrın 16-da respublikamızın 91 tanınmış ziyalısı "Əlincə" cəmiyyətinin nəşr etdirdiyi "Səs" qəzeti vasitəsilə Ulu Öndərə "Azərbaycan Sizin sözünüzü gözləyir" - deyə müraciət etdi. Müraciətdə Heydər Əliyevə xitabən deyilirdi: "Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübələrinizə əsaslanaraq, Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz. Buna görə də Azərbaycanın demək olar ki, bütün bölgələrində aparılan ictimai rəy sorğularının nəticələrinə və bizim təşkilat komitəsinə daxil olan minlərlə şifahi və yazılı vətəndaş təkliflərinə əsaslanaraq belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz."

 Bu müraciətdən sonra bütün Azərbaycan böyük ümidlə gözünü Naxçıvana dikərək öz böyük oğlu Heydər Əliyevdən cavab gözləyirdi. Görkəmli dövlət xadimi Azərbaycan ziyalılarının müraciətinə oktyabrın 24-də "Yeni müstəqil Azərbaycan uğrunda" çağırışı ilə başlayan cavab verdi.  Məktubda vurğulanırdı ki, ölkə qarşısında duran vəzifələr - müstəqil dövlətin qurulması, milli-demokratik dövlət atributlarının formalaşdırılması, Azərbaycanın suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunması, vətəndaşlara dinc, firavan həyat səviyyəsinin təmin edilməsi, iqtisadi böhranın aradan qaldırılması və sair taleyüklü məsələlərdir. Görkəmli siyasi xadim Yeni Azərbaycan Partiyasının yaradılmasının obyektiv zərurətdən doğduğunu vurğulayaraq onun fəaliyyətində fəal iştirak etməyə hazır olduğunu bəyan etdi. 

 Heydər Əliyevin yeni partiyanın yaradılması ilə bağlı ziyalıların müraciətinə verdiyi müsbət cavab onun böyük məsuliyyəti öz üzərinə götürməkdən çəkinməyən, cəsarətli və qətiyyətli lider olduğunu bir daha təsdiqlədi. Bütün təzyiqlərə baxmayaraq, tez bir zamanda Azərbaycanın hər yerində yeni partiyanın təsis konfransına hazırlıq işlərinə başlanıldı. Partiyanın təsis konfransı 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində keçirildi. Konfrans Azərbaycanın müxtəlif regionlarını təmsil edən təşəbbüs qruplarının 550 nəfərdən çox nümayəndəsinin iştirakı ilə Naxçıvan Dövlət Dram Teatrının binasında keçirildi. Konfrans YAP-ın təsis olunması haqqında qərar qəbul etdi. Partiyanın Heydər Əliyev tərəfindən hazırlanmış Proqram və Nizamnaməsi müzakirə olunaraq qəbul edildi. Ulu Öndər yekdilliklə partiyanın Sədri seçildi və təşkilatın rəhbər orqanları formalaşdırıldı. Heydər Əliyev sonralar həmin günü belə xatırlayırdı: "Biz 1992-ci ilin şaxtalı bir günündə, istilik olmayan bir zalda, Naxçıvan Dövlət Dram Teatrının binasında paltoda və çoxları papaqda oturaraq ilk konfransımızı keçirirdik. Üşüyürdük, əlimizi əlimizə sürtürdük. Amma iradəmiz yüksək idi, iradəmiz güclü idi. Gələcəyə çox nikbinliklə baxırdıq. Məni sevindirən odur ki, ağır şəraitdə Naxçıvanda keçirdiyimiz konfrans ölkənin və partiyanın böyük inkişaf yolunu təmin etdi". 

Ölkəmizin siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası Heydər Əliyevin rəhbərliyi altında tezliklə təşkilatlandı. Heydər Əliyevin Azərbaycan xalqının təkidli tələbi ilə tezliklə ölkə rəhbərliyinə yenidən qayıdışı ilə Yeni Azərbaycan Partiyası müxalifət partiyasından iqtidar partiyasına çevrildi. Ölkənin hakim partiyası kimi YAP müstəqillik tariximizdə mühüm rol oynadı. Ulu Öndərin milli məfkurəsindən güc alan bu partiya qısa zamanda ölkədə sabitliyi bərqərar edən, demokratik dəyərlərə üstünlük verən, hüquqi, demokratik, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinə layiqli töhfələr verən, azərbaycançılıq prinsiplərinə əsaslanan real siyasi qüvvə kimi özünü təsdiq etdi.

Hazırda öz sıralarında yüz minlərlə insanı birləşdirən Yeni Azərbaycan Partiyası bu gün həqiqətən də yalnız Azərbaycanın deyil, həm də bütün Cənubi Qafqaz regionunun güclü və beynəlxalq aləmdə hakimiyyət partiyaları tərəfindən qəbul edilən nüfuzlu siyasi təşkilatıdır. 

Dahilərin böyüklüyü həm də ondadır ki, onlar hər şeyin əvvəlini bildikləri kimi, sonunu da görür və dərk edirlər. Heydər Əliyev də məhz belə dahilərdən idi. Heydər Əliyevin son qərarı, əslində, Azərbaycana son borcu, son xidməti idi. Bu qərardan Azərbaycan dövlətinin taleyi asılı idi. Heydər Əliyev bu son borcunu da şərəflə yerinə yetirdi. Onun 2003-cü il oktyabrın 1-də doğma xalqına ünvanladığı son müraciəti vətənə ləyaqətlə xidmətin növbəti nümunəsi idi. Ulu Öndər tarixi müraciətinin sonunda xalqa müəyyənləşdirdiyi siyasəti davam etdirə biləcək dəqiq ünvanı da göstərirdi: "Üzümü sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm 
İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Ulu Öndərin bu tarixi müraciətindən keçən iyirmu il onun dediklərinin reallıqla dərindən uzlaşdığını və söylədiyi fikirlərin yüksək dərəcədə həqiqət olduğunu bir daha göstərdi.

 Keçən dövr ərzində  Azərbaycan xalqının  böyük dəstəyini, etimadını, sevgisini qazanan Prezident İlham Əliyev Ümummilli Liderin layiqli varisi olduğunu və Azərbaycan Respublikasını gündən-günə daha yaxşı gələcəyə apardığını sübut etdi. Cənab İlham Əliyev öz ətrafında Yeni Azərbaycan Partiyasının qabaqcıl simalarını toplayaraq Ulu Öndərin 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda qeyd etdiyi bütün taleyüklü məsələləri uğurla yerinə yetirdi. 

 Əlbəttə, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin  dəmir iradəsinin  əsəri olan uğurların zirvəsində 2020-ci ildə 44 günlük Vətən müharibəsində onun bir başa rəhbərliyi ilə Ermənistan üzərində əldə etdiyimiz parlaq Zəfər və bu ilin sentyabr ayında yenə onun sərrast əmrləriylə həyata keçirilən cəmi 23 saatlıq antiterror tədbirləri nəticəsində qazandığımız tam  Qələbə dayanır.  İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Azərbaycan dövlətinin qarşısında duran ən önəmli vəzifəni - respublikamızın ərazi bütövlüyünü təmin etdi, Azərbaycan xalqının qürurunu özünə qaytardı. 

Biz bu gün Şuşalı, Laçınlı, Xankəndili, Xocalılı, Kəlbəcərli, Qubadlılı, Zəngilanlı, Cəbrayıllı, Ağdamlı, Füzulili, Xocavəndli, Xudafərinli Azərbaycanıq!

Qürurluyuq! Sevincliyik! Xoşbəxtik! Bu qüruru, bu sevinci, bu xoşbəxtliyi bizə yaşadan, bütün uğurlarımızın, zəfərlərimizin müəllifi olan Müzəffər Ali Baş Komandan, Xilaskar Prezident İlham Əliyevə bir daha sonsuz minnətdarlığımızı bildirir, Vətən uğrunda, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, bu parlaq günlərin əsasını qoyan Ulu Öndər Heydər Əliyevi doğumunun 100-cü ildönümündə bir daha rəhmət və dərin ehtiramla anırıq."
Saat24.Az 

1649