Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti çox böyükdür

Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti çox böyükdür

15 iyun 2021-ci ildə Qarabağın siyasi mərkəzi olan Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Cumhuriyyəti arasında müttəfiqlik haqqında Bəyannamə imzalanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyip Ərdoğanın rəhbərliyi ilə Azərbaycan və Türkiyə  arasında imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərdə inqilabi gerçəklikdir.15 iyun 2021-ci il tarixindən başlayaraq Bakı və Ankara hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliklərini rəsmi şəkildə elan etdi. Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Burada qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar. Bu il Azərbaycanda 15 iyun Milli Qurtuluş Günü xüsusi ilə əlamətdar oldu: işğaldan azad edilən Şuşada Azərbaycan-Türkiyə müttəfiqliyini ehtiva edən Şuşa Bəyannaməsi imzalandı. Azərbaycanın yaratdığı reallığın eyni zamanda qlobal təqdimatı da həyata keçirildi. 44 günlük müharibədə dağıdıcı qüvvəni tərksilah etdikdən sonra region yeni nəfəs almağa başladı və durmadan dünyaya açılır. Beləliklə, Qafqazın tarixi yenidən yazılır. Həqiqətən də burada iki qardaş ölkənin xidmətləri misilsizdir. Faktiki olaraq sağlam qüvvələrin hamısı bu prosesi təqdirlə qarşılayır çünki həm müharibəyə son qoyuldu, həm faşizmin başını kəsdik, həm də yeni imkanlar: kommunikasiyalar, tranzitlər, insanların gediş gəlişləri, resursların mübadiləsi və s. açılır. İkinci Qarabağ savaşından sonra ölkəmizin çoxsaylı uğurları olub və hələ bu yolun ortalarıdır. Bəlkə də yüz, iki yüz  ildə bir dəfə yaşanan bir tarixin canlı şahidləriyik. Bu proses bu gün başlamadı, dünən başlamadı və bu, prosesin sonu da deyil. Həqiqətən də Türkiyə-Azərbaycan münasibətlərinin çox dərin kökləri var. Bu gün bu münasibətlərin yeni müstəviyə çıxdığını, qədəm qoyduğını görürük. Bu baxımdan da demək lazımdır ki, Türkiyə-Azərbaycan münasibətləri elə bir geosiyasi amilə çevrilib ki, artıq dünya da onunla həm razılaşır, həm də bəyənir.

Türkiyə Prezidentinin Şuşaya səfərindən öncə Brüsselə NATO Sammitinə səfərdə idi. Beləki, Rəcəb Tayyib Ərdoğanın ABŞ, Fransa, Yunanıstan prezidentləri ilə söhbətlərində, həm də NATO Bəyannaməsində Türkiyənin rolu haqqında fikirlərində bunu aydın görmək olur. Böyük diplomatik qələbəni qeyd edəndə “mən burdan Şuşaya-Azərbaycana gedirəm” söyləyən Türkiyə Prezidenti Şuşada Azərbaycan Prezidenti ilə birgə tarixi Şuşa Bəyannaməsinə imza atdılar. 44 günlük vətən müharibəsindən sonra Türkiyənin Cənubi Qafqazdakı rolu haqqında səslənən fikirlərə, müzakirələrə də Şuşada cavab verildi. Artıq Türkiyə Cənubi Qafqaz regionunda iki böyük gücdən biri hesab edilir. Bəyannamənin imzalanmasından sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış etdilər. Çıxış zamanı verilən açıqlamada da vurğulandı ki, Türkiyə Azərbaycanla birlikdə işğaldan azad olunmuş və erməni barbarlığının qurbanı olmuş Azərbaycan torpaqlarında quruculuq-bərpa işlərini bərabər aparacaqdır. Eyni zamanda vurğulandı ki, bir daha bu hadisələrin yaşanmaması üçün də Azərbaycan Türkiyə birgə addımlar atacaqdır. Cənab Prezidentimizin bu çərçivədə söylədiyi iki ana tezis: hərbi, müdafiə sahəsində əməkdaşlığın güclənməsi və Zəngəzur dəhlizi ilə bağlı açıqlamaları da oldu. Bu prosesləri daha sürətlə həyata keçirməsinə nəzarət edə bilmək  üçün Şuşada ilk baş konsulluğu Türkiyə dövləti açacaq. Eyni zamanda hər iki ölkə başçısının çıxışında dostlara da mesaj vardı, düşmənlərə də. Amma ən vacib məqam ondan ibarət idi ki, bundan sonra Azərbaycana ediləcək hər hansı bir təhdid, hücum, saldırı etmə düşüncəsində olanlar bilməli, analmalıdır ki, Azərbaycana ediləcək bütün bu kimi addımlar Türkiyəyə qarşı edilmiş kimi qəbul olunacaq və Türkiyə anında Azərbaycanla bərabər bu məsələlərə cavab verəcək. Eyni zamanda Türkiyəyə qarşı da ediləcək bu kimi addımlar Azərbaycana qarşı da edilmiş olacaq və Azərbaycan birmənalı olaraq hər şeyi ilə Türkiyənin yanında olacaq. Bu Bəyannamə ilə Azərbaycanın Cənubi Qafqazda yeri və rolu daha da güclənməklə yanaşı Türkiyənin rolu, Türk dövlətlərinin birliyi də güclənir. Artıq bu bölgəyə pis niyyətlərlə əl uzadanlara da çox ciddi bir cavab idi. Bir müddət əvvəl həm də, Azərbaycan və Türkiyə vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə səyahət etmələri haqqında razılaşma əldə edilib. Deməli, Şuşa Bəyannaməsi ilə iki ölkə arasında turizm, ticarət əlaqələrində yeni səhifənin açılmasına şahidlik edəcəyik. Bu, həm də, bundan sonra iki dövlət arasında sərhədinin formal xüsusiyyət daşıdığının göstəricisidir.

Türkiyə-Azərbaycan arasında yeni münasibətlərin başlanğıcı qoyulur. Cənab Prezidentimiz də vurğuladı ki, 20-ci əsrin əvvəllərində Türkiyə qurucusunun böyük lideri Mustafa Kamal Atatürk “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” demişdir. Ümumilli liderimiz Heydər Əliyev də 20-ci əsrin sonunda Azərbaycan müstəqilliyini təkrar qazananda “Türkiyə və Azərbaycan bir millət iki dövlətdir” demişdir. Bu fikirlərlə öndərlərimiz əslində gələcəyə doğru yolumuzu göstərmişdilər. İndi Şuşadan, iki prezidentin verdiyi mesaj isə “Azərbaycanın gücü Türkiyənin gücü, Türkiyənin gücü isə Azərbaycanın gücüdür” oldu. Bu müttəfiqlik Bəyannaməsini Azərbaycan cəmiyyəti ilə yanaşı Türk dövlətləri, dost dövlətləri, eyni zamanda işğalçı Ermənistan və onun arxasındakı güclər, bölgədə maraqları  olan güclər də izləyirdi. İşğaldan azad edilmiş torpaqlarımızda, Türkiyə-Azərbaycan bayraqlarımızın birgə dalğalandığı Şuşada qardaş ölkə prezidentləri arasında imzalanan bu müttəfiqlik Bəyannaməsi əslində dünyada analoqu olamayan Türkiyə-Azərbaycan münasibətlərinin gələcəyə doğru sürətli inkişafını özündə əks etdirir. Bu Bəyannamə Azərbaycan-Türkiyə arasında əməkdaşlığı gücləndirməklə yanaşı türk dövlətləri arasında əlaqələri, əməkdaşlığı  da gücləndirəcək təkanverici qüvvədir.

 

Həqiqət Həziyeva

Saatlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor v.m.i.e.

1525