Saat24.Az xəbər verir ki,İyunun 14-də Kürdəmir rayonu V.Qurbanov adına Köhnəbazar kənd tam orta məktəbində “Son zəng” tədbiri keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, şəhid ailələri, rayon təhsil sektorunun müdiri və əməkdaşları, məktəb kollektivi və məzunlar iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbiri giriş nitqi ilə açan məktəbin direktoru Zülfi Zahidov ilk olaraq gələn qonaqları salamlayıb və məzunları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.
Daha sonra çıxış edən idarə müdiri Elçin Kərimov XI sinfi bitirən məzunları təbrik edib, onlara sonrakı təhsilində və fəaliyyətlərində yeni nailiyyətlər arzulayıb. İdarə müdiri ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycanda təhsilin inkişafı naminə uğurlu islahatların həyata keçirildiyini, eyni zamanda ümumi təhsil müəssisələrinin infrastruktrunun yaxşılaşdırılması istiqamətində mühüm işlərin görüldüyünü qeyd edib.
Həmçinin tədbirdə məktəbin tarixini, məşhur məzunlarının fotolarını özündə əks etdirən guşələrə, şəhid adları verilən sinif otaqlarına baxış keçirilib.
Qeyd edək ki, 1881-ci ildə fəaliyyətə başlayan Köhnəbazar kənd tam orta məktəbi qədim tarixə malikdir. Məktəbdə 1902-1904-cü illərdə görkəmli şairimiz Məhəmməd Hadi çalışıb və bundan əlavə məktəbin Əsədulla bəy Muradxanov, Mustafa Mahmudov, Habil Məmmədov, Rüstəm İsmayılov, Zemfira Əlişqızı kimi tanınmış məzunları olub.
Mərkəzi Aran Regional Təhsil İdarəsi olaraq bir daha bütün məzunları təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edirik.