May ayının 18-də Litva Respublikasının Prezidenti Gitanas Nausedanın Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda Azərbaycan-Litva biznes forumu keçirilmişdir. Forumda çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanla Litva Respublikası arasında münasibətlərin inkişafından geniş bəhs etmişdir. Ölkə başçısı qeyd etmişdir ki, hazırda Azərbaycanla Litva arasında qarşılıqlı münasibətlər iqtisadi, siyasi tərəfdən özünün inkişaf mərhələsini yaşamaqdadır. Məhz keçirilən bu forum və imzalanması nəzərdə tutulan sənədlər sayəsində ölkələrimiz arasında münasibətlər daha da inkişaf edəcəkdir. Məlumat üçün bildiririk ki, Litva Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin tarixi olduqca uzun dövrü əhatə edir. Sovetlər dönəmində mövcud olan münasibətlərimiz SSRİ dağıldıqdan sonrakı illərdə daha da inkişaf etmişdir. Xüsusilə hər iki dövlət başçısının qarşılıqlı səfərləri bu əlaqələrin daha da inkişafına təsir etmişdir. İlham Əliyev cənablarının respublikamıza rəhbərlik etdiyi ilk dövrlərdən etibarən keçmiş postsovet respublikaları ilə, xüsusilə də Baltikyanı respublikalarla münasibətlərə böyük önəm verilmişdir. Baltikyanı ölkələr içərisində isə Litva Respublikası xüsusi yeri tutmaqdadır. Hələ 2007-ci ildə cənab Prezident İlham Əliyevin Litvaya rəsmi səfəri keçirilmiş ikitərəfli görüşlər və imzalanan anlaşmalar dövlətlərimizin gələcək əməkdaşlığında önəmli rol oynamışdı. Qeyd etməliyik ki, Litva və Azərbaycan hər zaman vahid mövqedən çıxış etmiş və ölkələrimiz arasında bu günə kimi hər hansı bir problem olmamışdır. Sevindirici haldır ki, iki dövlət arasında əlaqələr yüksələn xətlə inkişaf etməkdədir və bu əlaqələrin inkişafı real həyatda da öz əksini tapmışdır. Əminliklə deməyə əsas var ki, bu gün ölkələrimiz arasında tam anlaşma mövcuddur və bu anlaşmalardan hər iki dövlət yararlanır. İnanırıq ki, qloballaşan dünyada ölkələrimiz arasında strateji müttəfiqlik səviyyəsinə qədər yüksəlmiş əlaqələrimiz hər iki dövlətin inkişafına və xalqlarımızın rifahına xüsusi təkan verəcəkdir.