JALƏ ƏLİYEVA: 11 APREL SEÇKİLƏRİ İLƏ AZƏRBAYCAN PREZİDENT İLHAM ƏLİYEVİN RƏHBƏRLİYİ ALTINDA İNKİŞAFININ YENİ MƏRHƏLƏSİNƏ QƏDƏM QOYDU

Düz 4 il əvvəl Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirildi və dövlətimizin başçısı İlham Əliyev yenidən Azərbaycan xalqının, Azərbaycan seçicilərinin böyük dəstəyini, etimadını qazanaraq növbəti dəfə Azərbaycanın Prezidenti seçildi. 1993-cü ildən bəri seçimində heç vaxt yanılmayan Azərbaycan xalqı bu dəfə də düzgün, müdrik seçim edərək, özünün parlaq, işıqlı gələcəyinə səs verdi, ulu öndər Heydər Əliyevin siyasətinin, siyasi kursunun davamlılığına “hə” dedi. Son 4 ildə baş verənlər Azərbaycan xalqı və Azərbaycan seçicisinin seçiminin nə qədər doğru və düzgün olduğunu nümayiş etdirdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor Jalə Əliyeva deyib.

Deputat qeyd edib ki, 11 aprel seçkiləri ilə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafının yeni mərhələsinə qədəm qoydu.

Seçkilərdən sonra çox qısa müddət ərzində Azərbaycan vətəndaşlarının sosial-rifah halının daha da yaxşılaşdırılması istiqamətində önəmli, inqilabi addımlar atıldı, əməkhaqları, müavinətlər, pensiyalar artırıldı, Birinci Qarabağ savaşında qəhrəmancasına həlak olmuş şəhidlərimizin ailələrinə birdəfəlik ödəmələr verildi.

Ən mühüm addımlardan biri isə problemli kreditlərlə bağlı cəmiyyətin böyük üzüntüsünə - insanların banklardan əsarətinə son qoyulması oldu. Problemin həlli ilə yüz minlərlə insanın üzü güldürüldü. Problemli kreditlərlə bağlı məsələnin birdəfəlik qapadılması üçün 2019-cu ilin fevralında analoqu olmayan Fərman imzalandı. Vətəndaşlarımız bununla dərin bir nəfəs aldılar. Həmçinin ölkəmizdə kadr və struktur islahatları, korrupsiyaya qarşı mübarizə istiqamətində tədbirlər gücləndirildi.

Heç kimə sirr deyil ki, 2020-ci ilin əvvəllərindən bütün dünyanı cənginə almış koronavirus bəlası özünün dağıdıcı maddi və mənəvi itkiləri ilə hər kəsə böyük ziyan vurdu. Dünyanın nəhəng, super gücləri koronavirus pandemiyası qarşısında aciz durumda qaldı. Amma Prezident İlham Əliyevin rəhbərliyi, müdrik, uzaqgörən, düşünülmüş siyasəti nəticəsində ölkəmiz, xalqımız bu bəladan az itkilərlə qurtulmağı bacardı.

İlk gündən bu bəlaya ciddi yanaşan və qabaqlayıcı addımlar atan Azərbaycan dövləti, Azərbaycan Prezidenti bu məsələdə də dünya üçün nümunə oldu. Ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatı da daxil olmaqla, bir sıra beynəlxalq qurumlara, həmçinin onlarla ölkəyə təmənnasız yardım əlini uzatdı, maliyyə dəstəyi göstərdi. Çox sevindirici haldır ki, ölkəmizdə koronavirus pandemiyasının qarşısının alınması istiqamətində addımlar artıq öz müsbət nəticələrini göstərməkdə, bu bəladan demək olar qurtulmaqdayıq.

Biz əvvəlcədən demişdik ki, bu bəladan birlikdə xilas olacağıq və artıq məhz həmin mərhələdəyik. Bütün bunlar isə heç şübhəsiz ki, Prezident İlham Əliyevin müdrik siyasətinin bəhrəsidir.

Son 4 ilin ən böyük və tarixi hadisəsi isə 44 günlük Vətən müharibəsidir. Prezident, Ali Baş Komandan İlham Əliyevin 2020-ci il sentyabrın 27-də verdiyi tarixi “Vur!” əmri ilə Azərbaycan Ordusu bütün cəbhəboyu əks hücum əməliyyatına başladı. Cəmi 44 gün ərzində rəşadətli Azərbaycan Ordusu 32 illik qanlı Qarabağ münaqişəsinə son qoydu, dağlı-aranlı Qarabağ vahid Azərbaycan oldu. 2020-ci il 10 noyabr tarixli Bəyanatla işğalçı və təcavüzkar Ermənistan öz məğlubiyyətini bütün dünyanın gözləri qarşısında etiraf etməyə məcbur oldu. Həmin tarixdən sonra isə Qarabağın dirçəldilməsinə, cənnət məkanına çevrilməsinə, Böyük Qayıdış istiqamətində tarixi addımların atılmasına start verildi.

Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ən yaxın və ən sadiq silahdaşı Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birgə işğaldan azad olunmuş yurd yerlərimizə, Qarabağımıza tarixi səfərləri başlandı. Ötən iki il ərzində həyata keçirilən bu səfərlərin hər birində tarixi açılışların, təməlqoyma mərasimlərinin şahidi olduq və olmaqdayıq.

Deputat əlavə edib ki, bir neçə ay əvvəl nəinki Qarabağın, bütün Azərbaycanın göz bəbəyi olan Şuşada hər zaman Azərbaycanın yanında olan qardaş və dost Türkiyənin Lideri Rəcəb Tayyib Ərdoğanla imzalanan Şuşa Bəyannaməsi bütövlükdə ölkəmizin təhlükəsizliyinin təminatı istiqamətində atılmış ən mühüm tarixi hadisədir. Bu, həm də qardaşlığın, dostluğun, həmrəyliyin, sarsılmazlığın növbəti dəfə bəyan edilməsidir. Bütün dünya bununla bir daha şahidi oldu ki, Azərbaycanla Türkiyə təkcə sözdə deyil, həm də əməldə iki dövlət, bir millətdir.

Jalə Əliyeva vurğulayıb ki, son dörd ildə Azərbaycan 31 illik müstəqillik tarixinin ən mühüm, ən tarixi, ən şanlı anlarını və ən böyük inkişaf dövrünü yaşamaqdadır. Bunlar bir daha Azərbaycan seçicisinin düzgün və doğru seçiminin təzahürüdür. Bunlar Prezident İlham Əliyevin ilk dəfə 2003-cü ildə dövlət başçısı vəzifəsinin icrasına başlayarkən söylədiyi “Mən hər bir Azərbaycan vətəndaşının, hər bir azərbaycanlının Prezidenti olacağam!” sözlərinə sadiqliyinin, sədaqətinin göstəricisidir.

“Bu gün Prezident İlham Əliyev son 18 ildə daim Azərbaycan vətəndaşının yanında oldu və bu gün də onun yanındadır. Azərbaycan vətəndaşı da eyni şəkildə daim dövlətinin, Prezidentinin yanındadır, onun ətrafında müsəlləh əsgər kimi birləşib.

Bu gücü, bu birliyi, bu vəhdəti isə heç kim sarsıda, poza bilməyib və bilməyəcək! Əminik ki, Prezident İlham Əliyevin Azərbaycan xalqının yanında olması sayəsində hələ çox qələbələrə imza atacağıq. Bütün zəfərlər bizimdir, bizimlədir və bizlərlə olacaq!”, - deyə deputat fikirlərini yekunlaşdırıb.

 

860