İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir

İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir

Mayın 30-da İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə təkbətək və geniştərkibli görüşləri olub, iki dövlət arasında bir sıra sənədlər imzalanıb, mərasimin sonunda Prezidentlər mətbuata bəyanatla çıxış ediblər. Qeyd edilib ki, İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir. Səfər ikitərəfli əlaqələrimizi daha da gücləndirəcəkdir.

Ölkələrimiz arasında ticarət dövriyyəsi 1,7 milyard ABŞ dollarından çoxdur. Növbəti illərdə ticarət dövriyyəsini şaxələndirməsi qarşıda duran məqsədlərdəndir. Uzun illərdir ki, Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam edir və bu da enerji sahəsində sıx əməkdaşlığı nümayiş etdirir. İnterkonnektorların yaradılması və üçüncü ölkələrdə potensial əməkdaşlıq layihələri üçün böyük imkanlar mövcuddur. Yaxın gələcəkdə ölkələr arasında irriqasiya və kənd təsərrüfatı sahələri üzrə birgə layihələr reallaşdırılacaqdır. Azərbaycan İsrailin müsbət təcrübəsindən istifadə etmək və ixrac bazarını şaxələndirmək niyyətindədir. Bu təcrübə ölkəmizə böyük mənfəət əldə etməyə kömək edəcəkdir.

Xüsusi olaraq qeyd eilib ki, Azərbaycan və İsrail arasında müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır. İsraildən alınan silah və digər avadanlıqlar 44 günlük Vətən müharibəsi günlərində özünü ən yaxşı tərəfdən göstərmişdir.

Məlumdur ki, Azərbaycanda Yəhudi icması əsrlər boyu yaşayıb. Bu, bizim ölkənin böyük dəyəridir, yəhudi icmasının üzvləri – Azərbaycan vətəndaşları ölkəmizin müasir inkişafına çoxlu töhfə vermiş və töhfə verən insanlardır. Azərbaycanda yaşayan yəhudi qardaşlarımız bizim müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda bizimlə və bütün digər azlıqların nümayəndələri ilə birgə vuruşublar.

İsraildə yaşayan azərbaycanlılar ölkələrimiz arasında körpülərin qurulmasında mühüm rol oynayırlar. Bizim Dünya azərbaycanlılarının diaspor təşkilatları var, lakin yalnız bir ölkədə, İsraildə bu təşkilat əsasən Azərbaycandan İsrailə köçmüş yəhudi mənşəli insanlardan ibarətdir. Bu, aramızda heç bir fərqin, heç bir bölgünün olmadığını nümayiş etdirir. Onların ikiölkə arasında döstluq əlaqələrinin möhkəmləndirilməsi işlərində böyük əməkləri vardır. İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri iki ölkə arasında əməkdaşlığın daha da möhkəmlənməsi genişlənməsi işlərində mühüm əhəmiyyət kəsb edir və digər sahələrdə də əməkdaşlığın genişlənməsinə təkan olacaqdır.

Zeynalov Ceyhun

Saatlı şəhər Bülbül adına UMM-nin qarmon müəllimi

1904