Deputatlardan uşaqlara 1 İyun təbriki - Şəhid və qazi övladlarını unutmamalıyıq

“Birinci Qarabağ və İkinci Qarabağ müharibəsində canını övladlarımız, gələcək nəsillər üçün qurban verib bizə şərəf gətirən, zəfər qazandıran, ərazi bütövlüyümüzü bərpa edən əziz şəhidlərimizin, qazilərimizin, Vətən müharibəsi iştirakçılarının övladlarının qarşısında baş əyir, onları bağrımıza basırıq. Bu gün ən gözəl, xoş sözlər, təbriklər məhz onlar üçün deyilməlidir”.

 

 

Bu sözləri millət vəkili Məlahət İbrahimqızı Bakupost.az -a 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı danışarkən deyib.

 

Millət vəkili dünya uşaqlarına arzularını dilə gətirib:

 

“Uşaqları rənginə, dininə, irqinə görə bölmək olmaz. Arzu edirəm ki, dünyada bütün uşaqların üzü gülsün. Heç bir uşaq müharibə, aclıq, səfalət görməsin. Azərbaycan uşağı Xocalı faciəsini, 20 Yanvarı görüb, qaçqınlıq, köçkünlük yaşayıb. Allah heç bir uşağın gözünə yaş, üzünə kədər nəsib etməsin.

 

Düzdür, bu gün şəhid uşaqları nisgillidir. Amma onların ataları Azərbaycan uşaqlarına əbədi gülüş bəxş ediblər. Biz onlara hər zaman borcluyuq.

 

Bu gün iş günüdür, mən də işdəyəm. Nəvəmin 11 yaşı var. O da bu gün imtahan verir. Mən onu ancaq telefonla zəng edib təbrik edə bilmişəm. Axşama qədər imtahanları ilə məşğul olacaq. Axşam gedəndə bir daha təbrik edəcəyəm.

 

Qoy bütün Azərbaycan uşaqları Vətənə, dövlətə xeyirli vətəndaş kimi böyüsünlər”.

 

 

Millət vəkili Aydın Hüseynov bu günü şəhid ailələrinin uşaqlarını təbrik edərək keçirdiyini qeyd edib:

 

“Uşaqlar sevinirsə, dünyanın sevinci uşaqların o təbəssümündədir. Həyatın fəlsəfəsi də uşaqların gülüşündə, sevincindədir. Başda şəhid, qazi, Vətən müharibəsi iştirakçılarının uşaqlarını təbrik edirəm. Qoy onların üzündən ağrı-acı yox olsun. Onların atalarının sayəsində bu günün uşaqları rahat, xoşbəxt, firavan yaşayırlar.

 

Bu gün iş günüdür. Lakin mən bu gün bir neçə şəhid övladına baş çəkəcəyəm. Dünən də bir qazimizin övladının doğum günündə olduq. Hesab edirəm ki, şəhidlərimizin övladlarını, onların qayğılarını daim diqqətddə saxlamalıyıq. Təkcə bir gün yox, hər gün onları yad etmək borcumuzdur. Allah bütün uşaqları qorusun”.

 

 

Millət vəkili Jalə Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günündə kimsəsiz uşaqları xatırlayıb:

 

 

“Uşaqların hüquqlarının müdafiəsi, onların xoşbəxtliyi həm dövlətimiz, həm də bir vətəndaş olaraq bizim üçün prioritet istiqamətlərdəndir. Bu gün uşaqlarımız hər bir diqqət və qayğı ilə əhatə olunublar. Ölkə olaraq arzu edirik ki, hər bir uşaq öz ailəsində valideynləri ilə böyüsün, yaşasın. Lakin bəzən əldə olmayan səbəblərdən ailə üzvlərindən biri və ya hər ikisini itirmiş uşaqlarla qarşılaşırıq. Yaxud valideyni ola-ola valideyn himayəsindən məhrum olan, valideynləri tərəfindən imtina edilmiş uşaqlarla qarşılaşırıq ki, bu da dünyanın bugünkü inkişaf mərhələsində ürək ağrısıdır”.

 

Könül istər ki, bütün dünya və Azərbaycan uşaqlarının üzü gülsün. Bu siyahıya ən başda şəhid və qazi övladlarını daxil etmək istəyirəm. 30 ilə yaxın Ermənistanın və havadarlarının işğal siyasəti nəticəsində hər bir vətəndaşımızın, eyni zamanda uşaqlarımızın hüquqları pozuldu. Qələbə ilə başa vurduğumuz Vətən müharibəsi günlərində ermənilərin dinc əhaliyə qarşı apardığı işğal siyasəti nəticəsində onlarla uşağımız valideynlərindən məhrum oldular, bir neçə uşağımız həyatını itirdi. Bu ağrını da unutmamalıyıq”.

 

 

J.Əliyeva bildirib ki, şəhid, qazi övladları bizim üçün ən üstün mövqedədirlər:

 

 

“Şəhidlərimizin, qazilərimizin, Vətən Müharibəsi iştirakçılarının övladlarının həyat şəraitinin yaxşılaşdırılması üçün əlimizdən gələni edirik və etməliyik. Evimdə üç nəvə böyüyür. Mən onların hansısa fərqli şəkildə böyümələrinin tərəfdarı deyiləm. Düşünürəm ki, sadə, hər kəs üçün əlçatan olan nə varsa, o şəkildə böyüməlidirlər. Həmyaşıdlarından nə iləsə fərqlənmələrini heç vaxt istəməmişəm. Qoy təhsilləri, savadları, tərbiyələri, dünya görüşü, davranış və etikaları ilə fərqlənsinlər. Həsəd doğura biləcək hal və hadisə mənim üçün məqbul deyil. Ona görə də kifayət qədər sadə, hamının əlçatanlığı səviyyəsində onları böyütməyə çalışırıq. İfrata varmaq və israfçılıq bizim ailədə keçərli deyil. Bir daha bütün uşaqlarımızın bayramını təbrik edirəm. Onlar heç bir zaman müharibə odunu, müharibə qoxusunu hiss etməsinlər. Başlarının üzərində həmişə aydın səma olsun. Atalı-analı böyüsünlər”.

 

 

Millət vəkili Arzu Nağıyev vurğulayıb ki, ölkəmizin gələcəyi uşaqların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq borcumuzdur:

 

 

“Çox əlamətdar bir gündür. Bütün dünya miqyasında, eyni zamanda da Azərbaycanda da qeyd olunur. Bununla bağlı müvafiq qanun da var, sərəncam da imzalanıb. Əsas məsələ odur ki, bu bizim genefonumuzun bayramıdır. Təbii ki, bu gün mən də əziz şəhid, qazi uşaqları başda olmaqla bütün Azərbaycan uşaqlarını təbrik edirəm. Nəvəmi də səhər tezdən təbrik etdim. Onlara xoş gələcək, sülh və əmin-amanlıq şəraitində yaşamalarını arzu edirəm. Çünki gələcək təməlllər onlarla bağlıdır. Ona görə də onların xoşbəxt yaşaması, inkişafı ən mühüm amillərdəndir.”

 

 

Qeyd edək ki, dünyada bu günün qeyd olunması 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də iyunun 1-nin uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.

 

1853