Ötən həftə Milli Məclisdə “Su təchizatı və tullantı suları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olundu. Müzakirələr çərçivəsində çıxış edən millət vəkili Elnur Allahverdiyev təklif etdi ki, dəniz suyunun tənzimlənməsi və filtrasiyadan keçirilməsi prosesində özəl sektor iştirak edə bilər. E.Allahverdiyevin fikrincə, əhalinin sayının sürətlə artması və iqtisadiyyatın böyüməsi şəraitində həm içməli, həm də texniki suya olan ehtiyac dəfələrlə artır. Bu baxımdan, dəniz suyunun təmizlənməsi, yaxud çay sularının filtrasiyasi prosesində özəl sektor iştirak edə bilər.
“Qafqazinfo” xəbər verir ki, deputat bu gün sosial şəbəkə hesablarından paylaşdığı postda bu məsələyə bir daha toxunub.
“Milli Məclisin plenar iclasında “Su təchizatı və tullantı suları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı mövzu ilə əlaqəli təkliflə çıxış etdim. Bu gün əhalinin sürətlə artdığı və istehsal sahələrinin çoxaldığı bir dövrdə su qıtlığı bütün dünya qarşısında duran ən aktual problemlərdən biridir. Təbii ki, ölkəmiz də qlobal dünyanın bir parçası olduğundan gələcəkdə yarana biləcək bu kimi problemlər hər birimizi düşündürməlidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi ordumuz Qarabağ və Şərqi Zəngəzuru erməni işğalından azad etdikdən sonra su ehtiyatlarımız və mənbələrimiz xeyli artıb. Bu, həm əhalinin içməli su ilə təminatı, həm də əkin sahələrinin suvarılması deməkdir. Bununla belə, biz dəniz suyunun təmizlənməsi və çay sularının yüksək keyfiyyətli filtrasiyadan keçirilməsi barədə düşünməliyik ki, buradan əldə etdiyimiz texniki sudan istehsalat və təsərrüfat sferalarında yararlana və içməli su ehtiyatlarımıza qənaət edə bilərik.
Hesab edirəm ki, bu prosesdə özəl sektorun iştirakını təmin etməklə həm operativliyə, həm də dövlətin yükünün azaldılmasına nail ola bilərik. Misal üçün, hər hansı şirkət suyun təmizlənməsi və filtrasiyası prosesini təşkil edir, təbii ki, bu işə investisiya yatırır. Eyni zamanda, dövlət də şirkətə onun istehsal etdiyi suyun istehsal sektorunda çalışan obyektlərə, kənd təsərrüfatında suvarma işi üçün satışına təminat verir.
Yəni şirkətdə əminlik yaranır ki, yatırdığı investisiyanı geri qaytara və gəlir əldə edə biləcək. Düşünürəm ki, bu, bizə su ilə bağlı olan bir çox sahələrdə içməli suya qənaətsiz yanaşma və israfçılığın qarşısını almağa ciddi kömək edə bilər.
Əlavə edim ki, ötən il oxşar təkliflə ekoloji cəhətdən təmiz enerji istehsalı ilə bağlı da təkliflə çıxış etmişdim. Yəni eyni qaydada, özəl sektor yaşıl enerji istehsalına vəsait yatıra bilər. İstehsal etdiyi enerjini isə istisnasız olaraq dövlətə satar. Dövlət də eyni qaydada əhaliyə. Fikirmcə, hər iki halda bu, qənaətə, dövlətin yükününün azaldılmasına səbəb olar və yeni iş yerlərinin açılmasına geniş imkanlar aça bilər”, - parlamentari qeyd edib