Deputat: Azərbaycanın qazandığı Qələbə ilə “Dağlıq Qarabağ münaqişəsi” artıq tarixə qovuşdu

Müstəqillik Günü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfəri böyük və parlaq Zəfərin növbəti dəfə nümayişi oldu. Azad edilmiş digər rayonlara baş tutan səfərlər kimi bu səfər də onu göstərdi ki, dövlətimiz qısa zaman kəsiyində Qarabağda və Şərqi Zəngəzurda iri infrastruktur layihələrinin işə düşməsində, şəhər və kəndlərin bərpasında, kommunikasiya sistemlərinin yenidən qurulmasında və nəticədə Böyük Qayıdışın sürətlənməsində ciddi iradə nümayiş etdirir.

Bu fikirləri “Yeni Gündəm”ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

Bu səfər çərçivəsində bir sıra strateji obyekt və müəssisələrin təməlqoyma mərasimlərinin keçirilməsi istər ölkəmiz, istərsə də region üçün yeni dəyişikliklərin olacağından xəbər verir. Müharibədən yenicə çıxmış ölkədə ən müasir texnologiyaların tətbiq olunduğu “ağıllı şəhər”, “ağıllı kənd”  kimi smart layihələrin işə düşməsi dünyada iqtisadi problemlərin cövlan etdiyi indiki şəraitdə Azərbaycan dövlətinin iqtisadi qüdrətindən xəbər verməklə yanaşı, digər işğaldan azad edilmiş rayonlara da əhəmiyyətli təsir göstərəcək.

Prezident İlham Əliyevin Zəngilan rayonunun Ağalı kəndində pilot layihə olan “Ağıllı kənd-Ağalı kənd” layihəsinin ilkin mərhələsinin açılışında rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə səsləndirdiyi fikirlər və verdiyi ismarıclar  böyük  tarixi hadisə kimi dəyərləndirilməlidir. Ölkə başçısının Azərbaycanın Müstəqillik Günü və iqtisadiyyatımızın daha da gücləndirilməsi ilə bağlı söylədiyi “Biz iqtisadi cəhətdən müstəqilik. Bu gün iqtisadi cəhətdən müstəqil ölkələrin sayı o qədər də çox deyil. Bunu yaxın tarix göstərib. Ancaq biz tam müstəqilik, heç kimdən asılı deyilik, öz həyatımızı özümüz qururuq və heç bir yardıma, kreditə ehtiyacımız yoxdur. Əksinə, biz özümüz indi bəzi ölkələrə kreditlər veririk.
Məhz iqtisadi müstəqillik nəticəsində bu gün, bax, bu Ağalı kəndi deyə bilərəm ki, dünyanın ən mütərəqqi kəndlərinin birinə çevrilib. Bunu biz etmişik, öz gücümüzlə və azad edilmiş bütün digər torpaqlarda öz gücümüzlə bərpa işlərini aparırıq və indi nəhəng layihələr icra edilir” fikirləri hər sözünə imzası qədər dəyər verən və bunu əməldə sübuta yetirən qətiyyətli liderin gələcəklə bağlı təsvir etdiyi və addım-addım reallığa çevirdiyi aydın mənzərədir.​

44 gün davam edən və Azərbaycanın tarixi qələbəsi ilə nəticələnən Vətən Müharibəsi regionda tamamilə fərqli bir reallıq formalaşdırdı. Müharibənin indiki nəticələri Azərbaycanın yalnız iqtisadi, hərbi üstünlüyünün məntiqi davamı kimi qiymətləndirilmir, həm də fəal, ardıcıl, praqmatik xarici siyasət strategiyasının uğuru kimi xarakterizə olunur. Bu yeni reallıqla indi Cənubi Qafqazda siyasi təsir imkanları uğrunda mübarizə aparan qlobal güclər belə hesablaşmağa məcburdur.

İqtisadiyyatı güclü olan dövlət bir neçə il ərzində işğal olunmuş ərazilərini cəmi 44 gün müddətində azad etməyə qadir oldu. Beləliklə, 2020-ci ilin son aylarında hər kəs “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” fikrinin əsl mahiyyətini, bu kəlamın fəlsəfəsinin nədən ibarət olduğuna şahidlik etdi.

İqtisadiyyatı güclü olan dövlət bir neçə il ərzində işğal olunmuş ərazilərini cəmi 44 gün müddətində azad etməyə qadir oldu. Azərbaycan 27 il ərzində onun ədalətli mövqeyini qəbul etmək istəməyənlərə, Ermənistana və ona havadarlıq edib işğalın davam etdirilməsini təmin edənlərə 44 gün ərzində həyata keçirdiyi “Dəmir yumruq” əməliyyatı ilə başa saldı ki, artıq o, özü bir güc sahibidir. Güclü iqtisadiyyatı, qüdrətli ordusu sayəsində Azərbaycanın qazandığı Qələbə ilə “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi artıq tarixə qovuşdu.

Bir sözlə, Azərbaycan işğalçıya yerini göstərdi, işğala son qoydu. Cənab prezidentin də ölkənin birinci xanımı ilə birgə işğaldan azad olunmuş rayonlara artıq ənənə halını almış səfərləri qələbənin rəsmiləşdirilməsi deməkdir. İşğaldan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı əbədi olaraq dalğalanacaq, Qarabağ təkcə ölkənin deyil, regionun ən inkişaf etmiş məskənlərindən birinə çevriləcək, mövqelərimiz gücləndiriləcək, bərpa-yenidənqurma işləri daha sürətlə aparılacaq və keçmiş məcburi köçkünlər tədricən öz yurdlarına qaytarılacaqlar.

1007