“Azərbaycan Prezidenti cənab İlham Əliyev Milli Məclisdə prezident seçkilərindəki parlaq qələbəsindən sonra andiçmə mərasimində çox geniş məzmunlu çıxış etdi”.
Bunu Milli Məclisin deputatı Jalə Əliyeva “Cebhe.info”-ya açıqlamasında deyib.
O bildirib ki, dövlət başçısı çox əhəmiyyətli məqamlara toxundu:
“Prezident İlham Əliyev yeni dövrlə bağlı gedilən yola qiymət verdi. Azərbaycanın uğurlarlarına sevinən və ölkəmizə hədə ilə yanaşan qüvvələrin mövqeyi də dövlət başçısı tərəfindən təhlil edildi. Eyni zamanda, Azərbaycan-Ermənistan arasındakı mübahisəli məsələlərin həllinə də aydınlıq gətirildi”.
Deputat qeyd edib ki, Azərbaycan Ermənistanın sərhəddəki təxribatlarına cavab vermə hüququnu özündə saxlayır:
“Azərbaycanın hər zaman öz torpaqlarını və ərazi bütövlüyünü qorumağa gücü var. Bunun üçün bütün addımların atılmasının gündəmə gəlməsi mümkündür. Azərbaycan Ermənistanın sərhədboyu təxribatlarının qarşısını almaq üçün radikal addımar da ata bilər. Dövlətimiz hər zaman haqlı mövqeyini müdafiə etməyə hazırdır.
Ermənistan 44 günlük Vətən müharibəsində və ötən ilin 19 sentyabrında 23 saat 43 dəqiqə davam edən antiterror tədbirlərindəki qələbəmizi unutmamalıdır. Rəsmi İrəvan artıq qarşısındakı ölkənin gücünü, qüdrətini anlamış olmalı və reallıqları qəbul etməlidir”.
Jalə Əliyeva vurğulayıb ki, Ermənistanın təxribatları ilk növbədə özünə və ordusuna qarşı yönəlib:
“Çünki Azərbaycan Ordusu çox güclü və özünə güvənən ordudur. Üstəlik, Azərbaycan indiyə qədər heç bir sahədə hər hansısa dövlətdən yardım istəməyib. Ölkəmiz öz imkanları və resursları hesabına inkişaf edərək istədiyim nöqtəyə gəlib. Əlbəttə ki, istənilən təxribatın qarşısını almağa qadirik. Azərbaycan heç kimin müdaxiləsi olmadan bütün problemləri həll etmək iqtidarındadır”.