Mayın 23-də Prezident İlham Əliyev ilə Prezident Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı zamanı Brüssel görüşü diqqət mərkəzində oldu. Sülh müqaviləsinin hazırlanması, Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsaslanan beş prinsipin təqdim olunması, sərhədlərin delimitasiyası məsələlər müzakirə olundu. Nəzər salınan çox mühüm məsələlərdən biri nəqliyyat dəhlizlərinin açılması, kommunikasiyaların bərpası oldu. Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılması, o cümlədən həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə də bağlı tərəflərin razılığa gəldiyini bildirdi.
Azərbaycan Prezidenti bir müddət əvvəl qeyd etmişdi ki, “Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq. Əminəm ki, bu, olacaqdır, məndə heç bir şübhə yoxdur. Bir daha demək istəyirəm ki, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək və əlindən gələni edəcək ki, bu layihənin həyata keçirilməsində heç bir problem olmasın”. Göründüyü kimi, sözü imzası qədər dəyərli və keçərli olan Prezident İlham Əliyevin siyasəti, Azərbaycanın strateji fəaliyyəti və geosiyasi iradəsi nəticə verir - regionda yeni nəqliyyat-kommunikasiya xətti yaradılır.
Ümumiyyətlə, Zəngəzur dəhlizinin yaradılması məsələsi təkcə Azərbaycanın deyil, bütövlükdə, regionun siyasi gündəliyinin mühüm tərkib hissəsidir. Bu da təsadüfi deyil, çünki dəhlizin yaradılması həm ölkəmizin yerləşdiyi regionda, həm də Asiyadan Avropaya doğru geniş məkanda yeni siyasi-iqtisadi mənzərənin formalaşmasına zəmin yaradacaq. Bu ərazidən keçən nəqliyyat xətti bir çox dövlətin əməkdaşlıq imkanlarını genişləndirəcək.
Daha bir önəmli və maraqlı məqama diqqət yetirmək məqsədəmüvafiq olar. Məlumdur ki, Zəngəzurun o vaxt Azərbaycandan alınması və Ermənistana birləşdirilməsində məqsəd həm də türk dünyasında qarşılıqlı münasibətlərin inkişafına mane olmaq idi. Çünki bu addım coğrafi ayrılmaya səbəb olurdu. Amma kommunikasiya xətlərinin bərpası - yeni dəhlizin yaradılması ilə:
- Qədim Azərbaycan torpağı olan Zəngəzur yeni şəraitdə türk dünyasında birləşdirici rol oynayacaq. Bu ərazidən keçən nəqliyyat xətti türkdilli dövlətlərin əməkdaşlıq imkanlarını genişləndirəcək;
- Yeni kommunikasiya vasitəsilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşməsi, Azərbaycanın əsas hissəsi ilə muxtar respublika arasında birbaşa quru əlaqəsinin yaranması iqtisadi və siyasi önəmə malikdir;
- Yeni infrastrukturun yaranması Azərbaycanın tranzit əhəmiyyətinin artması, iqtisadi inkişafının sürətlənməsi baxımından əhəmiyyətlidir;
- Azərbaycanın yaratdığı əməkdaşlıq imkanlarından tərəfdaş ölkələrin istifadə etməsi ölkəmizin çoxşaxəli münasibətlərinin inkişafına töhfə olacaq;
- Zəngəzur dəhlizin yaradılması elə Ermənistan üçün də tarixi şansdır. Ermənistan bu imkandan istifadə edərək dəmir yolu ilə həm İranla, həm də Rusiya ilə əlaqə yarada bilər ki, bu da iqtisadi mənfəət qazanmaq, regional təcrid vəziyyətindən xilas olmaq üçün mühüm fürsətdir.
Beləliklə, qalib Azərbaycan yeni mərhələdə - postmüharibə dövründə strateji hədəflərini reallaşdırır. Bu isə ölkəmizin iqtisadi imkanlarının artması, siyasi üstünlüyünün və beynəlxalq mövqeyinin möhkəmlənməsi, bir sözlə, daha güclü - qüdrətli Azərbaycan deməkdir!
Saat24.Az