“Azərbaycanın ən böyük dəstəkçisi Türkiyədir”-Jalə Əliyev

 

 

Türkiyənin sabiq xarici işlər naziri Mövlüd Çavuşoğlu ölkəmizə dəstək paylaşımı edib.

O, “X” platformasındakı hesabında Türkiyənin dəstəyini bu sözlərlə ifadə edib:

“Bir millət olaraq Azərbaycanın hüquqlarını müdafiə etmək boynumuzun borcudur. Can Azərbaycana canımız fəda”.

M.Çavuşoğlunun bir müddət Türkiyənin xarici siyasətinin əsas kilid isimlərindən biri olduğunu nəzərə alsaq, onun paylaşımı həm də ölkəmizə qarşı son zamanlar daha da aktivləşən qüvvələrə mesajdır.

Milli Məclisin deputatı Jalə Əliyeva “Cebhe.info”-ya açıqlamasında bildirib ki, Mövlüd Çavuşoğlu ifadə etdiyi fikirlərlə Azərbaycan-Türkiyə münasibətlərini bir daha tam mənası ilə ortaya qoydu:

Bu, növbəti dəfə Türkiyənin Azərbaycana siyasi və mənəvi dəstəyini nümayiş etdirdi. Üstəlik, belə dəstəyin bugünlərdə olması xüsusi əhəmiyyət kəsb edir. Bu, birbaşa olaraq Türkiyəmizin dünyaya verdiyi mesajdır. Türkiyənin sabiq xarici işlər naziri səviyyəsində bu ifadələrin dilə gətirilməsi son günlərdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanın nümayəndə heyətinə qarşı sərgiləmiş olduğu qərəzli, ədalətsiz və heç bir hüququ əsası olmayan addıma qarşı idi.

Yəni bu sözlər ölkəmizə dil uzadan ölkələr və beynəlxalq təşkilatların qəzərli mövqeyinə qarşı verilmiş çox əhəmiyyətli mesaj, eləcə də güclü mövqedir. Türkiyə daim Azərbaycanın yalnız olmadığını diqqətə çatdırır, Azərbaycanın Türkiyə kimi güclü tərəfdaşı və dəstəkçisi olduğunu bəyan edir”. 

Millət vəkili qeyd edib ki, Azərbaycan bugünkü inkişafı, durmadan artan nüfuzu, əldə etdiyi nailiyyətlər və qazandığı böyük Zəfər sayəsində dünyada üstün bir mövqeyə gəlib: 

“Kimlər qəbul etsə də, etməsə də artıq reallıq budur. Amma qarşılarında öz imkanlarına, gücünə, ordusuna və öz vətəndaşına güvənərək irəli gedən Azərbaycan kimi bir ölkə var. Birmənalı olaraq bilməlidirlər ki, Azərbaycan 30-35 il əvvəlki ölkə deyil. Əgər Azərbaycan 30 il bundan əvvəl məğlub və torpaqları işğal edilmiş ölkə idisə, bu gün qalib və torpaqlarının hər qarışını düşmən işğalından azad etmiş ölkədir. Eyni zamanda, Azərbaycan bütün ərazisində suverenliyini bərpa edərək, durmadan inkişaf edən və güclü gələcəyin təməllərini atan bir dövlətdir”. 

Jalə Əliyeva vurğulayıb ki, Azərbaycanın bölgədəki və dünyadakı ən böyük dəstəkçisi qardaş Türkiyədir:

“Hər iki ölkə prezidentlər, xalqlar səviyyəsində eyni yolu gedir və bir yumruq kimi birləşərək müttəfiqlik həyata keçirirlər. Əlbəttə ki, bu da çox əhəmiyyətlidir. Bu bərabərlik, birlik və mütəffiqlik sadəcə iki ölkənin deyil, bütünlükdə bölgənin, habelə dünyanın bundan sonrakı balanslı inkişafında və regionda sülhün bərqarar olmasında çox vacib bir yerdə gəlir”. 

1600