Prezident İlham Əliyev Ermənistanla imzalanması gözlənilən sülh müqaviləsi barədə danışıb.
Dövlət başçısı yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində qeyd edib ki, sülh müqaviləsinin imzalanması üçün əsas şərtlər indi yaradılıb:
“Ermənistan istəyir ki, bu sülh müqaviləsinin zəmanətçiləri olsun. Biz hesab edirik ki, buna heç bir ehtiyac yoxdur".
Prezident vurğulayıb ki, bu iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsi olacaq:
“Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır. Əgər kimsə kömək etmək istəyirsə, biz buna da etiraz etmirik. Ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın”.
Beləliklə, Prezident İlham Əliyev növbəti dəfə Azərbaycanla Ermənistan arasındakı danışıqların ikitərəli formatda uğurlu olacağını diqqətə çatdırdı. Bu, həm də sülh müqaviləsinin imzalanması üçün vasitəçiyə ehtiyac duyanlara bir mesaj idi.
Milli Məclisin deputatı Jalə Əliyeva Saat24.Az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyev növbəti dəfə geniş ictimaiyyət qarşısına çıxaraq sadəcə Azərbaycan cəmiyyətinə deyil, bütün dünyaya mövqeyini elan etdi:
“Prezident bununla da bir daha öz mesajlarını verdi. Əlbəttə ki, cənab Prezidentin suallara verdiyi cavabların hər birinin arxasında yenə də güclü iradə, əminlik, “Dəmir yumruq” siyasəti və Azərbaycanın inkişafı dayanırdı”.
Millət vəkili qeyd edib ki, İlham Əliyevin açıqlamaları Azərbaycanın öz problemlərini təkbaşına həll etməyə qadir olduğunu bir daha nümayiş etdirdi:
“Təxminən 30 il boşa keçən zaman isə onu göstərdi ki, vasitəçilərdən nə isə gözləməyə dəyməz. Nəzərə alaq ki, keçmiş münaqişənin həlli üçün yaradılan ATƏT-in Minsk qrupunun həmsədrləri heç bir effektli fəaliyyət göstərə bilmədilər. Həmçinin, Ermənistan tərəfindən BMT qətnamələri də icra olunmadı. Rəsmi İrəvan hər vəclə öz niyyətini həyata keçirməyə çalışdı, bu istiqamətdə də terror və işğalçılıq əmələllərini davam etdirdi.
Amma 3 il bundan əvvəl Azərbaycanın iradəsi və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm qələbə qazandıq, torpaqlarımızı işğaldan azad etdik. Ötən ilin 19-20 sentyabr tarixində 23 saat ərzində keçirilən antiterror tədbirləri nəticəsində isə xəyal kimi görünən ərazilərimiz işğaldan azad edildi. Bununla da, torpaqlarımızda seperatizmin və terrorun kökü kəsildi. Beləliklə, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi”.
Jalə Əliyevə əlavə edib ki, heç bir zaman vasitəçiyə arxayın olmaq olmaz:
“Ona görə də bundan sonrakı danışıqlar da ikitərəflər formatda həyata keçirilməlidir. Düşünürəm ki, hansısa vasitəçiyə ehtiyac yoxdur. Cənab Prezidentin fikirləri və mövqeyi də tamamilə haqlıdır.
Ümumiyyətlə, Azərbaycan öz imkanlarına və gücünə arxayındır. Ermənistanın hələ də özünə havadar və himayədar axtarması, onun kimlərinsə əlində alət olduğunu hər fürstətdə göstərir. Üstəlik, Azərbaycanla Ermənistan çox fərqli statuslarda, mövqelərdə və səviyyədədirlər.
Tərəzinin bir tərəfinfə azad, müstəqil, öz sözünü demiş, torpaqlarını düşmən işğalından azad edən, qələbə qazanan bir Azərbaycan var. Digər tərəfində isə hələ də himayədarlarından və havadarlarından hansısa kömək ummağa çalışan, habelə kimlərin diqtəsi ilə hərəkət edən Ermənistan var”.Cebhe.info