Azərbaycan və Pakistan münasibətləri iki qardaş ölkə arasında olan münasibətlərdir

Azərbaycan və Pakistan münasibətləri iki qardaş ölkə arasında olan münasibətlərdir

Azərbaycan-Pakistan   əlaqələrinin zəngin tarixi vardır. Pakistan dünyanın Ermənistanla diplomatik münasibətlər qurmayan az sayda dövlətlərindən biridir.  Azərbaycanın torpaqlarının işğalı səbəbindən Ermənistanı rəsmi olaraq tanımayıb. Azərbaycan dövləti bunu daim yüksək dəyərləndirib.  Azərbaycan da öz növbəsində, hər zaman Kəşmir məsələsi daxil olmaqla, bütün digər məsələlərdə Pakistanı dəstəkləyir. Bu dəstək Azərbaycan tərəfindən  BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təsisatlarda verilir. İki ölkə arasında digər sahələr kimi, hərbi sahədə də  əməkdaşlığımızın böyük potensialı var. Bu gün böyük inamla qeyd edirik ki, Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli dostluq və əməkdaşlıq münasibətləri ən yüksək səviyyədə formalaşıb və bütün istiqamətlərdə uğurlu inkişafını davam edir.

“Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Biz Pakistana minnətdarıq ki, işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib.” Prezident cənab İlham Əliyev iyunun 15-də ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif  ilə mətbuata birgə bəyanatlarında onu da əlavə etdi ki, Azərbaycan xalqı 44 günlük müharibə dövründə kimin  bizimlə bir yerdə olduğunu çox gözəl bilir.  Bu, Türkiyə və Pakistan idi. Hər iki ölkə müharibə zamanı ciddi siyasi dəstək nümayiş etdirdi. Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığının daha da dərinləşməsinə yol açacaq Bakı Bəyannaməsi Azərbaycan-Türkiyə birliyinin zirvəsi olan Şuşa Bəyannaməsindən sonra dünyaya növbəti mesajları ünvanlayan sənəd oldu. Burada Azərbaycanın tarixi Zəfərindən bu günədək əldə edilən uğurlar, hədəflər, yeni reallıqların diktə etdiyi əməkdaşlıq formatları,  ədalətin, beynəlxalq hüququn  hər bir məsələnin həllində əsas rolu, ən əsası regionda və dünya siyasətində yaradacağı yeniliklər öz əksini tapıb. Əməkdaşlığın parlamentlər səviyyəsində qurulması və inkişaf etdirilməsi də bugünümüzün tələbləri sırasındadır.

Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc

 

 

Qardaş ölkənin mövqeyi

Pakistanın Baş naziri   Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfəri çərçivəsində prezident cənab İlham Əliyev ilə keçirilən təkbətək və geniş  tərkibdə görüşlərdə, mətbuata bəyanatlarında da iki qardaş ölkənin ayrı-ayrı sahələrdə qazandıqları uğurlar fonunda  münasibətlərin inkişafı üçün yaradılan möhkəm zəmin bir daha diqqətə çatdırıldı. Mətbuata bəyanatlarında «Bizim münasibətlərimiz iki qardaş ölkə arasında olan münasibətlərdir» söyləyən dövlət başçısı İlham Əliyev qeyd etdi ki, Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olub. Daha mühüm amillərdən biri odur ki, xalqlarımız da öz rəhbərliyinin fikrini bölüşür və Bakının müxtəlif yerlərində Pakistan bayraqlarını görə bilərsiniz. Bu, İkinci Qarabağ müharibəsi dövründə asılmış bayraqlardır.

Görüş zamanı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanların mövcudluğu xüsusi qeyd edildi. Bildirildi ki, artıq yaxın vaxtlarda Azərbaycandan bir neçə nümayəndə heyəti Pakistana səfər edəcəkdir. Nümayəndə heyətləri Azərbaycanla Pakistan arasında ticarət və sərmayə məsələləri, enerji məsələsi, həmçinin müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələləri müzakirə ediləcəkdir. Vurğulanıb ki, enerji sahəsində böyük perspektivlər vardır, həmçinin şəhərlərimiz arasında uçuşların sayı artacaqdır. Müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri genişlənməlidir. Birgə hərbi təlimlərin sayının artırılmasına ehtiyac vardır. Bu gün dünyada vəziyyət dəyişir, qeyri-sabitlik nöqtələri artır, ona görə də güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantıdır. Tarixi Zəfərimizin yaratdığı  reallıqlar fonunda Azərbaycanın xarici siyasət uğurları  biri-birini əvəzləyir. Ölkəmizin xarici siyasətinin dəyişməz prinsipləri əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində və yeni prioritetlər üzrə inkişafında stimulverici amildir.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

 

 

Azərbaycan 30 il ərzində Ermənistanla danışıqlarda iştirak edirdi və bu danışıqlar heç bir nəticə vermədi

Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə verməmişdir. 2019-cu ildən etibarən isə Ermənistan hərbi-siyasi rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyanatlar və atdığı addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozmuşdur. Bununla Ermənistan bir daha özünün əsl məqsədinin mövcud status-kvonu möhkəmləndirməkdən və Azərbaycan ərazilərini ilhaq etməkdən ibarət olduğunu nümayiş etdirmişdir. Ermənistanın qəbul etdiyi təcavüzkar və hücum xarakterli milli təhlükəsizlik strategiyası və hərbi doktrina, işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətini genişləndirməsi, “yeni ərazilər uğrunda yeni müharibə” çağırışı, mülki şəxslərdən ibarət “könüllü dəstələri” yaratmaq qərarı, 2020-ci il iyulun 12-də Ermənistan–Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, eyni zamanda, bütövlükdə qoşunların təmas xəttində gərginliyi artırması, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi, böyük həcmdə silah-sursat toplaması Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi.

2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla törətdikləri növbəti hərbi təxribat nəticəsində mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar olduğu, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatlarına başlamışdır. Vətən torpaqlarını işğaldan azad edən rəşadətli və müzəffər Ordumuzun 44 gün ərzində həyata keçirdiy  uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan Respublikasının silahlı qüvvələri darmadağın edilərək, canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilməyə məcbur olmuş və döyüş meydanında acınacaqlı məğlubiyyətə uğramışdır.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri

1550