TECLA təlim və tədris mərkəzinin təqdimatı keçirildi - FOTO

Noyabrın 15-də bir qrup hüquqşünas alim və tələbələrin birgə təsis etdikləri TECLA (Training Education Consulting Legal Academy) təlim və tədris mərkəzinin təqdimat mərasimi keçirilib.

Qanunla.az xəbər verir ki, təqdimat mərasimində Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi, hüquq elmləri doktoru, professor Lətif Hüseynov, hüquqşünas alimlər, praktik hüquqşünaslar, vəkillər, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin və Ədliyyə Akademiyasının müəllimləri və tələbələri iştirak ediblər.

Tədbir iştirakçıları Azərbaycanda peşəkar mütəxəssislərdən ibarət qabaqcıl və yüksək keyfiyyətli təlim və tədris mərkəzinin təsis olunmasının əhəmiyyətini vurğulayıblar. TECLA-nın təsis olunması və əsas fəaliyyət istiqamətləri haqqında məlumat verən təlim və tədris mərkəzinin təmsilçiləri burada hakimliyə, vəkilliyə, prokurorluğa, dövlət qulluğuna, ədliyyə və vergi orqanlarına bütün mərhələlər üzrə qəbul imtahanlarına, ali təhsilin magistratura səviyyəsinə qəbul imtahanlarına yüksək səviyyəli hazırlıq kurslarının təşkil olunduğunu bildiriblər.

Həmçinin, təlim və tədris mərkəzində insan resurslarının idarə olunması təlimlərinin keçirilməsi, biznes subyektləri üçün iş həyatında vacib olan hüquq təlimlərinin təşkili, hüquqşünas peşəsi üzrə müxtəlif sahələrdə fəaliyyət göstərən şəxslərin, o cümlədən vəkillər, hakimlər, müstəntiqlər və digərlərinin iş həyatlarında onlara lazım olacaq yumşaq bacarıq vərdişlərinə yiyələnmələri üçün peşəkar təlimçilər tərəfindən təlimlərin təşkil olunması, hüququn müxtəlif sahələri üzrə hüquqşünaslara iş həyatında gərəkli olacaq sərt bacarıqların təkmilləşməsi-qanunvericilikdəki yeniliklər, normativ hüquqi aktların tətbiq olunması, müxtəlif mövzular üzrə elmi seminarlar, forumlar, ixtisasartırma kurslarının təşkil edilməsi, Avropa İnsan Hüquqları Konvensiyasının peşəkar təlimçilər tərəfindən təcrübədə tətbiqi ilə bağlı təlimlərin keçirilməsi kimi çoxsahəli istiqamətlərdə fəaliyyətin nəzərdə tutulması barədə ətraflı məlumat verilib.

Tədbir iştirakçıları TECLA kimi qabaqcıl və mütərəqqi təlim və tədris mərkəzinin yaradılmasını alqışlayaraq fəaliyyətində uğurlar arzulayıblar

1462