Soyqırımı qurbanlarının xatirəsi Zərdabda ehtiramla yad edilib-Foto

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü respublikamızın hər yerində olduğu kimi, Zərdab rayonunda da müxtəlif tədbirlərlə qeyd edilib.

Avropa.İnfo-nun bölgə müxbiri xəbər verir ki, martın 31-də rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri “Şəhidlər” Abidə Kompleksi önünə gül dəstələri düzərək soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib, məktəblilərin faciəyə həsr etdikləri rəsm sərgisinə baxıblar.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mərdan Camalov ermənilər tərəfindən Azərbaycan xalqına qarşı yüz illər boyu həyata keçirilən soyqırımı və deportasiya siyasətinin mahiyyəti, tarixi kökləri barədə danışıb. Bildirib ki, 1918-ci il martın 30-da gecə saatlarında Bakıda başlanan kütləvi qırğında 20 minə yaxın günahsız insan, o cümlədən qocalar, uşaqlar və qadınlar qətlə yetirilib. Aprelin 2-də davam edən kütləvi qətlləri Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri həyata keçirib. Müsəlman ziyarətgahları yandırılıb, Bakı əhaslisinin 400 milyon manatlıq əmlakı müsadirə olunub. Qətliam zamanı Təzəpir məscidi top atəşinə tutulub, Azərbaycanın memarlıq incilərindən sayılan “İsmailiyyə” binası yandırılıb.

Soyqırım tək Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlı, o cümlədən 2560 qadın və 1277 uşaq qətlə yetirilib. Qubanın 162 kəndində öldürülən günahsız insanların sayı 16 mindən artıq olub. Lənkəran, Muğan bölgəsi və Qarabağda minlərlə kənd yandırılıb, on minlərlə insan vəhşicəsinə qətlə yetirilib.

Diqqətə çatdırılıb ki, 1992-ci il fevralın 26-da törədilmiş Xocalı faciəsi də ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırım siyasətinin davamıdır. Xocalı faciəsi zamanı 613 nəfər - 63 uşaq, 106 nəfər qadın, 70 nəfər qoca həlak olub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki, 130 uşaq bir valideynini itirib, 487 nəfər yaralanıb, 125 nəfər əsir götürülüb. 150 nəfər itkin düşüb.

Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanından sonra hər il 31 mart Azərbaycanlıların Soyqırım günü kimi qeyd olunur. Dünyanın müxtəlif ölkələrində tədbirlər, anım mərasimləri, konfranslar keçirilir, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı pislənilir, bütün dünya erməni vəhşiliyinin təzahürləri ilə tanış edilir. Bu istiqamətdə Heydər Əliyev fondunun təşəbbüsü ilə müxtəlif ölkələrdə keçirilən tədbirlər, foto və rəsm əsərlərindən ibarət sərgilər, konfranslar təqdirə layiqdir.

Azərbaycan xalqı ona qarşı törədilən soyqırımı heç vaxt unutmur, soyqırımda qətlə yetirilmiş günahsız insanların xatirəsini həmişə yad edir.

Coşqun Abdullayev

993