“Mənə məxsus iaşə obyektimin sayğacı dövlət yoxlamasına aparılacaq. Sizdən xahişim odur ki, həmin müddətdə obyektə müvəqqəti sayğacın quraşdırılmasına köməklik edəsiniz”.
Qanunla.Az xəbər verir ki, bu sözləri sahibkarlıq fəaliyyəti ilə məşğul olan Hicran Süleymanov Şabran rayonunda keçirilən “Açıq mikrofon” aksiyasında bildirib. Digər sahibkarlıq subyekti Talıb Həsənov istehlak olunan təbii qaza görə yaranan debitor borcun hissə-hissə ödəniş edilməsinə şərait yaradılmasını və kərpic sexində qazın açılışının təmin olunmasını xahiş edib. Aksiyanın imkanlarından sahibkarlarla yanaşı, sakinlər də yararlanıblar. Vətəndaşlar Ağbaş, Sarvan, Mumlu, Ləcədi, Qələgah, Leyti kəndlərinin, habelə yeni yaşayış massivinin qazlaşdırılması ilə bağlı çıxış ediblər. Görüş zamanı, həmçinin fərdi yaşayış evinin qazlaşdırılması və qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı müraciətlər də ünvanlanıb. SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Xaçmaz Regional qaz istismarı İdarəsinin rəhbərliyi aksiyaya üz tutan hər bir vətəndaşın problemini dinləyərək ünvanlanan müraciətlərlə bağlı sakinlərə ətraflı məlumat veriblər.
Məlumat üçün bildirək ki, aksiyada “Azəriqaz” İB-nin rəhbər şəxsləri ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, həmçinin Şabran Rayon İcra Hakimiyyətinin məsul şəxsləri də iştirak ediblər.