"Deportasiya Qurbanları Cəmiyyəti" İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 25 avqust 2023-cü il tarixində "Qərbi Azərbaycan-Tarixi həqiqətlər, ermənilərin etnik təmizləmə siyasətinin ifşası və beynəlxalq aləmdə təzahürü" mövzusunda maarifləndirici tədbir təşkil edilib.
Tədbir Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatında baş tutub. Tədbirin mediatoru Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni tədbiri açıq elan edib və sözü "Deportasiya Qurbanları Cəmiyyəti" İctimai Birliyinin sədri Köçər Nağıyevə verib. Köçər Nağıyev qonaqları salamlayıb, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə öz təşəkkürlərini bildirib və layihənin əsas məqsədi və hədəfləri barədə məlumat verib. Layihənin məqsədi ölkəmizin tarixi torpaqları, keçmişi, ötən yüzillikdə məruz qaldığımız etnik təmizləmə və deportasiya siyasətinin ifşası, Qərbi Azərbaycanda ermənilər tərəfindən dağıdılmış milli-mədəni sərvətlərimizin tanıdılması və təbliğindən ibarətdir. Söz məruzəçi professor Firudun Cəlilova verilib, professor Qərbi Azərbaycan tarixi həqiqətləri və deportasiya siyasəti haqqında məruzə ilə çıxış edib. Tədbirdə həmçinin Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhəri üzrə nümayəndəsi Ramiz İsmayılov, nümayəndəliyin üzvü Cəmilə Fəyyaz, "Modern İnkişaf və Ailə" İctimai Birliyinin sədri Zərifə Quliyeva, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədr müavini Rəhilə Abdullayeva Azərbaycanda zaman zaman etnik təmizləmə və deportasiya siyasətinin yeridilməsi və onun mənfi cəhətləri haqqında fikirlərini söylədilər. Sonda xatirə şəkli çəkildi.