İlqar Hüseynli: “Vətəndaşların mülkiyyət hüquqlarının pozulmasının qarşısını almaq üçün müvafiq addımlar atılmalıdır”
.Əhməd Qəşəmoğlu: “Çeklər yenidən tədavülə buraxılmalı və ya vətəndaşlara sahib olduqları çekin sayı müqabilində kompensasiya ödənilməlidir”.
Xatırladaq ki, 1996-cı ildə tarixi sosial ədaləti təmin etmək üçün ulu öndər Heydər Əliyev tərəfindən 1997-ci ilədək anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq özəlləşdirmə çeki verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Belə ki, özəlləşdirmə çeklərinin üzərində "Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir" yazılıb. Bu çeklərin hər birinin dəyəri eynidir. Özəlləşdiriləcək bütün dövlət əmlakının 65 faizi özəlləşdirmə çekləri vasitəsilə aparılmalıdır. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda infilyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır. 1997-ci ildə Əmlak Komitəsinin 222 nömrəli əmri ilə bir özəlləşdirmə payının qiyməti 2000 ABŞ dollarında hesablanıb. Ulu öndər Heydər Əliyevin təsdiqlədiyi və bu gün də qüvvədə olan özəlləşdirmə haqqında əsasnamənin 5-ci bəndi ilə özəlləşdirmə çekləri indi də dövriyyədə olmalı idi. Reallıq isə budur ki, bu gün əlində çeki qalan kifayət qədər vətəndaşlarımız var. Hətta əlində çekləri qalan 30 min vətəndaş haqqlarının geri qaytarılması üçün ölkə başçısı İlham Əliyevə Açıq Məktub ünvanlayıblar. Sözügedən AÇIQ MƏKTUB-la aşağıdakı linkdən tanış ola bilərsiniz:
https://www.facebook.com/groups/668471343515846/permalink/1495607760802196/
Mövzu ilə Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi sədri İlqar Hüseynli Yenilik.info-a açıqlamasında bildirib ki, əlindəki özəlləşdirmə çeklərindən istifadə edəcəyi günü səbirsizliklə gözləyən vətəndaşların hüquqları bərpa olunmalıdır:
“Bu məsələ vətəndaşlarımızı narahat edən bir mövzudur. Özəlləşdirmə çeklərinin hamısından istifadə olunmaması hər kəsə məlumdur. Yəni, bu gün vətəndaşların əlində xeyli sayda özəlləşdirmə çekləri qalıb. Çünki həmin vətəndaşlar dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı həyata keçirilən hərraclarda iştirak edə bilməyiblər. Bəzi hallarda bir ailənin əlində olan çeklər hansısa dövlət mülkiyyətinin özəlləşdirilməsi üçün yetərli olmayıb. Ümumilikdə özəlləşdirmə çekləri müddətsizdir və onun tədavülü ilə bağlı müddət qoyulmamalı idi. Özəlləşdirmə çekləri ilə bağlı proses davam etməli idi. Vətəndaşlar ya bu çeklər vasitəsilə hansısa mülkiyyətə, ya da özəlləşdirilməyə çıxarılan hansısa böyük müəssisələrin bir qisim hissələrinə sahib olmalı idilər. Eyni zamanda ailə əlində olan çekləri hansısa sahibkara sata bilərdi. İndiki halda dövlət əmlakları ilə bağlı müxətlif hərraclar həyata keçirilir. Təəssüf ki, əlində özəlləşdirmə çekləri qalan şəxslər həmin hərraclarda iştirak edə bilmirlər. Halbuki biri 4 paydan ibarət olan özəlləşdirmə çeklərinin real qiyməti ortaya qoyulmalı və bu çeklərin yenidən istifadəsinə şərait yaradılmalıdır. Vətəndaşların mülkiyyət hüquqlarının pozulmasının qarşısını almaq üçün müvafiq addımlar atılmalıdır”.
"Tərəqqi və Demokratiya" İctimai Birliyinin sədri Əhməd Qəşəmoğlu isə öz növbəsində qeyd edib ki, mövcud vəziyyətdə haqqı tapdanan özəlləşdirmə çeki sahiblərinin hüquqlarının bərpası üçün qanunvericilik bazası və təşkilati mexanizmlərin işlənməsi ilə bağlı ciddi tədbirlər görülməlidir: " O vaxtı çeklər paylananda insanlar ona bir ümid kimi baxırdılar. Vətəndaşlar hesab edirdilər ki, dövlətin mülkləri üzərində bir sahibkarlıq hüququ qazanacaqlar. Lakin təəssüf ki, müəyyən müddətdən sonra özəlləşdirmə çekləri ilə bağlı xeyli sayda fırıldaqlar yaşandı və insanlara psixoloji cəhətdən mmənfi təsir etdi. Özəlləşdirmə çeklərindən sui-istifadə edilməsi halları çek sahiblərinin sözügedən çekləri ucuz qiymət satmasına səbəb oldu. Bununla yanaşı, vətəndaşların dövlətə olan etimadı da sarsıldı. İndiki şəraitdə əlində çekləri qalan şəxslərin dövlətə inamını bərpa etmək üçün kompleks tədbirlərin görülməsinə ehtiyac var. Ona görə də çeklər yenidən tədavülə buraxılmalı və ya vətəndaşlara sahib olduqları çekin sayı müqabilində kompensasiya ödənilməlidir. Prosesin ədalətli davam etməsi üçün isə mütləq şəkildə mütəxəssislər cəlb edilməlidir. Çekin dəyəri müəyyənləşəndən sonra ya kompensasiya verilməli, ya da vətəndaşların özəlləşdirmə prosesində iştirakına şərait yaradılmalıdır".