“Gəncliyə Dəstək” İB layihə çərçivəsində Zərdab rayonunun Qaravəlli kəndində maarifləndirmə tədbiri keçirib

“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Gənclər arasında peşə təhsili və peşə seçiminin təbliği” adlı layihəsi çərçivəsində nəzərdə tutulmuş maarifləndirmə tədbirlərinin altıncısı 20 aprel 2022-ci ildə həyata keçirib. Bu tədbir Qaravəlli, İsaqbağı, Dəkkəoba kəndlərindən 60 nəfər məktəbli, müəllim və valideynin iştirakı ilə Qaravəlli kənd mədəniyyət evində keçirilib. Tədbiri açıq elan edən təşkilatın sədr müavini Eldar Xəlilov gənclərin peşə seçimində düzgün qərar verməsinin ölkənin sosial-iqtisadi inkişafına təkan verən aparıcı missiya olduğunu bildirib. Gənclərin gələcək karyeralarında peşə seçiminin önəmli faktor olmasını bildirib. Təşkilatın sədri Vəfa Xəlilli çıxış edərək Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Təşkilat və layihə haqqında, eyni zamanda layihənin növbəti mərhələləri haqqında məlumat verib. BMT-nin Beynəlxalq Əmək Təşkilatının təlimçisi Bağı Xəlilov tədbir iştirakçılarına beynəlxalq səviyyədə peşə təhsilinə verilən önəmdən danışıb. Həmçinin tədbirdə 3 məktəbin direktorları və şagirdləri iştirak edirdilər. Qaravəlli kənd tam orta məktəbinin direktoru Əliyeva Kəmalə və İsaqbağı kənd tam orta məktəbinin direktoru Vəliyeva Dayangül və müəllimi İsmayılova Könül bu mövzu istiqamətində maarifləndirmə etdikləri üçün Agentliyə və Təşkilata təşəkkürlərini bildiriblər. Tədbir iştirakçılarına materiallar (papka, dəftər, qələm, buklet, təqvim) paylanılıb. Qeyd edək ki, layihə 4 ay olmaqla Zərdab və Ucar rayonlarında həyata keçiriləcək. Layihənin məqsədi gənclərin peşə seçimində düzgün qərar vermələrinə, gələcəkdə karyera qurmalarına və məşğulluq problemlərinin risksiz həllinə kömək etmək, real əmək bazarındakı mövcud vəziyyəti düzgün qiymətləndirərək iş tapmaq problemindən onları azad etməkdən ibarətdir.
“Gəncliyə dəstək” İctimai Birliyinin sədri – Vəfa Xəlilli
 

1033