“Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi tərəfindən cari ilin 21-23 oktyabr tarixlərində Lənkəran şəhərində yerləşən “Lüks Lənkəran” otelində “Azərbaycanda ailə institutu: problemlər və perspektivlər” layihəsi çərçivəsində Azərbaycan Respublikasının 12 yaşayış məntəqəsindən (Ağdam, Ağdaş, Bakı, Cəlilabad, Füzuli, Gəncə, İsmayıllı, Lənkəran, Sabirabad, Şamaxı, Şəki, Zərdab) olan 25 nəfər gənc üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 8000 (səkkiz min) manatlıq maliyyə dəstəyi ilə 3 günlük nəzəri-praktik konfransın keçirilməsinə başlanılmışdır.
“Azad Şuşa” xəbər verir ki, nəzəri-praktik konfransda coğrafi və gender balans nəzərə alınmaqla, respublika üzrə 18-35 yaş arası 25 nəfər gənc və gənc ailəni təmsil edən 16 nəfər qız və 9 nəfər oğlanın iştirakı təmin olunmuşdur. İctimai birliyin heyətindən başqa konfransda qonaq qismində Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəisi cənab Teymur Babazadə və psixoloq qismində “LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Lənkəran filialının mütəxəssisi cənab Fərrux Əliyev, ekspert qismində isə Lənkəran Rayon Vəkil Bürosunun vəkili cənab Zaur Qasımov iştirak edərək özlərinin şəxsi bilik və təcrübələrini gənclərlə bölüşmüş və iştirakçı gənclərin suallarını cavablandırmışlar.
Nəzəri-praktik konfransda işçi heyətlə iştirakçılar arasında ailə, qadın, uşaq və gender məsələləri sahəsində bir çox mövzuların: “Azərbaycanda ailə institutu və adət-ənənələr, Azərbaycanda klassik və müasir ailə dəyərləri, Ailə və etika konsepsiyası, Azərbaycanda nikahlar və boşanmalar: mövcud vəziyyət və statistika, Qadın hüquqları və milli qanunvericilik, Məişət zorakılığı və gender əsaslı zorakılıq – Qanunvericilik, Qadınlara qarşı zorakılıq və şəxsiyyətin sosial-psixoloji problemləri, Əxlaq konsepsiyası, Ailədə və cəmiyyətdə uşaqlar, uşaqlara qarşı qısnama və ayrı-seçkilik, Uşaq əməyi və uşaq əməyinin istismarı, Uşaqlara qarşı zorakılıq – BMT-nin Uşaq Hüquqları Konvensiyası, Gender və gender bərabərliyi – stereotip və gender stereotipləri” müzakirə olunması və 3 günlük tədbir ərzində aidiyyəti mövzularla bağlı müxtəlif sosial çarxların izlənilməsi nəzərdə tutulmuşdur. Tədbir ərzində müxtəlif interaktiv üsullardan, təqdimatlar, beyin həmləsi, debatlar, fokus qrup müzakirələri, interaktiv qrup işləri, enercayzerlər, iştirakçılarla və mütəxəsislərlə qarşılıqlı fikir mübadiləsi kimi fərqli metodlardan geniş istifadə olunması planlaşdırılır.
Qeyd edək ki, 01 sentyabr – 01 dekabr 2022-ci il tarixlərini əhatə edən 3 aylıq layihənin məqsədi ölkəmizdə ailə, qadın, uşaq və gender məsələlərinin aktuallığını gündəmə gətirməklə cəmiyətimizdə ailə dəyərlərinin təşviqi və valideyn məsuliyyətinin artırılmasının təbliği sahəsində gənclərin, xüsusilə də, gənc ailələrin ölkə miqyasında maarifləndirilməsini və məlumatlandırılmasını təşkil etmək, habelə ailələrin dağılmasına və boşanmaların artmasına səbəb olan məişət zorakılığı ilə mübarizəni gücləndirməkdən ötrü bu istiqamətdə profilaktik və preventiv tədbirlərin həyata keçirilməsindən ibarətdir.
Əlavə edək ki, tədbirdən öncə Azərbaycanın 42 müxtəlif yaşayış məntəqəsindən (Abşeron, Ağdam, Ağdaş, Astara, Bakı, Baləkən, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Gəncə, Goranboy, Göyçay, Xaçmaz, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Qax, Qazax, Qəbələ, Quba, Lerik, Lənkəran, Masallı, Mingəçevir, Naxçıvan, Neftçala, Saatlı, Sabirabad, Salyan, Sumqayıt, Şamaxı, Şəki, Şəmkir, Şuşa, Tovuz, Yardımlı, Yevlax, Zəngilan, Zərdab) 158 nəfər gənc ərizəçi (91 nəfər qız və 67 nəfər oğlan) nəzəri-praktik konfransda iştirak etmək üçün təşkilata müraciət etmişdir ki, onlardan da yalnız 25 nəfəri (16 nəfər qız və 9 nəfər oğlan) tədbirdə iştirak etmək hüququ qazanmışdır.